Aynur Elgünəş
Mənə canı yanan dostlar deyir ki, Don Kixotluq edirəm, lazımsız mübarizə aparıram, oğul-uşaq sahibi deyiləm, evim-maşınım yoxdu, dar gün üçün arxaya 5 manat atmıram. Əslində, dara düşəndə bu “arxaya pul atmaq” məsələsinə görə özümü danlayıram, amma sonra unuduram. Qaldı digərlərinə, olmamasından heç əziyyət çəkmirəm. Zəlzələdən, ya vəlvələdən, hərə bir şəkildə dünyadan köçəcək. Bizdə uşaq sahibinin təsəllisi yasda göz yaşı tökənlərin çox olmasıdı, mənimsə heç vecimə deyil öləndən sonra cəsədim necə olacaq. 6 uşaq sahibi ömrünü Qocalar Evində başa vurursa, deməli, övlada gələcəklərinin təminatçısı kimi baxanlar yanlış yoldadılar.
Ölümdən yazdım, mollalar yadıma düşdü. Son günlər hamı işini-gücünü atıb Allahşükür Paşazadənin bazarına girişib. Mübariz Qurbanlının özünütəsdiq çıxışından sonra Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvü Musa Quliyev də mollaların sertifikatlaşdırılmasından danışdı. Dedi ki, bəs sertifikat olarsa, mollalar qazanclarından vergi də verərlər.
Dindar olmadığımdan öləndən sonra baş verənlər maraq dairəmdə deyil. Təkcə onu bilirəm ki, son zamanlar asan qazanc mənbəyi olduğundan mollalığa can atanlar çoxalıb.
Hələ bu dünyada olarkən mollaların məclislərdə, məzar başında oxuduqlarının mənasını anlamıramsa, o dünyada nə biləcəm ki, nə deyirlər? Guya, öləndən sonra inkir-minkir mənə ərəb dili öyrədəcək?
Yəni, deməyim odur ki, mollanın yasımda olub-olmaması vecimə deyil. Amma buna önəm verən, məclisində dini ayinlərin yerinə yetirilməsini istəyən adamlar çoxdu axı. Həmişə də eşitmişəm ki, duanın qiyməti olmur, ölüsünü yad edən hər kəs qəlbindən keçəni, imkanı çatanı verməlidir. Belə çıxır ki, Musa Quliyevin təklifi həyata keçərsə, mollalar üçün qiymət də müəyyənləşəcək. Bu da təkcə Allahın şükürlü bəndəsinin deyil, elə Allahın özünün işinə qarışmaqdı.
Yaxşı, lap tutaq ki, qiymət məsələsinə qarışmadılar, yenə insanlar imkanına, qəlbindən keçənə baxıb pul verdi. O zaman kim nə biləcək ki, mollanın qazancı nə qədər olub? Yoxsa dua oxutduran molladan qəbz alacaq?
Hər halda, məsələnin bu tərəfləri mənim üçün qaranlıqdı. Ümumiyyətlə, bu yas məsələsinin özünü qəlizləşdirib qloballaşdırırlar. Deyəsən, belə getsə, elə hamı mənim kimi molla duası eşitmədən ölmək istəyəcək. Gərək mən də bundan sonra yaslardan yazmayım. Heyf deyil toy? Maralına şükür, Ilahi!