Özünə Savalanlı soyadı götürən bu gəncin türmədən potensial PREZIDENT olaraq çıxacağına çox inanıram!
Ilham Əliyevin tutdurduğu, polisin şərləyib tutduğu, Cabbar Savalanlıya prokuror 3 il iş istəmişdi, hakim 2 il yarım iş verdi. Əliyevçi rejim dönəminin məhkəmə-hüquq praktikasından bilirik: bunlar qabaqcadan düzülüb-qoşulmuş işlərdir – Özgürlük, Demokratiya yolçularını planlı olaraq şərləyib tutur, sonra da yalançı məhkəmə qurub, iş verirlər.
Ilham Əliyev 11 yaşlı oğluna təkcə Dubayda 44 milyon dollarlıq mülk alıb. (Bütövlükdə 75 milyon dollarlıq). Gənc Cabbar Savalanlı Ilham Əliyevin təkcə Dubayda oğluna aldığı 44 milyon dollarlıq mülkə deyil, onun başqa ölkələrdə aldığı milyonlar, milyardlarla dəyərində mülklərə də ortaq olmaq istəyindən çox-çox uzaq idi. Bir sıra gənc ideya yoldaşları kimi Cabbar Savalanlı da bəlli bir istəklə səsini duyurmağa çalışırdı: Özgürlük, Demokratiya!
Prezidenti FEODALIZM, prokroru, hakimi qarıngüdənliklə nökərçilik yolu tutan bir ölkədə ən qorxulu nəsnə Özgürlük, Demokratiya istəməkdi. Gənc Cabbar bunu istədi. Istədi, tutuldu. Cabbar bu istəyi ilə kimlər üçünsə qorxulu subyektə çevrildi. Özgürlük-Demokratiya olan yerdə Doğruluq-Düzgünlük olur. 18 ildən bəri bu ölkədə OĞRU hakimiyyəti quranlar doğruluq-düzgünlük istəyənlərə dözə bilərlərmi?!
Cabbarın məhkəmədəki “son sözünü” qəzetlərdə dönə-dönə yazmaq gərəkdir. Yalnız qəzetlərdəmi? Yox, bu sözlər çağdaş Azərbaycan gəncliyinin ideya yarağına çevrilməli, daşa-divara – hər yerə yazılmalıdır: “Azərbaycanda insanlara ya azadlığı, ya da çörəyi seçmək təklif olunur. Çörəyi seçənlər azadlıqlarını itirirlər. Mən isə çörəyi yox, azadlığı seçmişəm. Ona görə də məni qismən fiziki azadlıqdan etdilər. Mən həbsxanada da azadam. Biz azadlıq savaşçıları olaraq, azadlıq uğrunda sonadək döyüşəcəyik!”
Cabbarın bu sözlərinə yalnız Azərbaycanın düşmənləri, Azərbaycanın sağlam, uğurlu gələcəyinə inanmayanlar inana bilməzlər. Biz sənə də, sənin ideya yoldaşlarına da inanırıq, Cabbar bəy! Biz bu gün bizlərlə – Azərbaycanın bağımsızlıq-suverenlik yolçuları ilə yoldaşlıq eləyən SAĞLAM Azərbaycan gəncliyinə inanırıq. Bizlər Azərbaycana siyasi suverenlik-bağımsızlıq qazandırdığımız kimi, milli suverenlik-bağımsızlıq da qazandıracağıq – Azərbaycanı indiki IŞĞAL rejimindən qurtarmaqla!!!
Cabbar bəyin 19 yaşı var. Ay dad! Yadıma gör kim düşür? Milli liderimiz, Ulu öndərimiz Məmməd Əmin Rəsulzadənin oğlu Rəsul. Baxsanız, görərsiz: Rəsulla Cabbarın bir-birinə oxşarlığı var. Görünüş baxımından da, qarşılaşdıqları repressiya görsənişləri baxımından da! Milli liderimizin, Ulu öndərimizin o gözəl oğlu Rəsulun da 19 yaşı vardı. Onu 19 yaşında tutdular. Azərbaycan “NKVD”si tutdu. “Xalq düşməninin oğlu” kimi. Tutdular, güllələdilər. Onu şərləyib tutanlar da, güllələyənlər də… yox, polislər deyildi, “NKVD” işçiləri – ermənilər idi. M.Ə.Rəsulzadə ailəsini bütünlüklə repressiyaya uğradanların adlarna baxın: “NKVD” serjantları Baqdasaryan, Markaryan. Tarix – 1938-ci il. Aradan illər keçəcək, Azərbaycan respublikasının o çağkı başçısı M.C.Bağırov özünün məhkəmə çıxışında bildirəcəkdi: “Mənim respublikada baş verən repressiyalardan xəbərim olmayıb. Adamlara inanmışam…”
O çağlar Azərbaycanın düşmənləri, konkret desək, ermənilər, açıq erməni ad-soyadları altında xalqımızın dəyərli oğullarını repressiyalara uğradıblar. Sovet hakimiyyəti boyunca Azərbaycanda çoxlu sayda adam “məmmədəminçi” adı ilə repressiya olunub. Indi bizlər Məmməd Əmin ideyalarının ardıcılları-yolçuları olaraq repressiyalarla üzləşirik. Məmməd Əmin ideyaları o boyda Sovet dövlətinə üstün gəldisə, heydərizmə yenilə bilərmi?! Üstəlik, dünyanı demokratikləşmə proseslərinin bürüdüyü bir dönəmdə…