Guya yollar beynəlxalq standartlara uyğun aparılırmış, heç bir nöqsan-zad da yoxmuş, yolların dağılmasının günahı normadan ağır yük vuran, daş daşıyan maşınlardaymış. Ki, bu maşınların da arxasında vəzifəli şəxslər dayanırlarmış.
Dünən Nəqliyyat Nazirliyində keçirilən toplantıda Abid Şərifov elə beləcə də dedi: “Biz bilirik ki, bəzi karxanaların arxasında ictimai təsir imkanları olan adamlar dayanır. Lakin onlara, vəzifəli şəxslərin heç birinə güzəşt olunmayacaq və onlar məsuliyyətə cəlb olunacaqlar”.
Bu açıqlama sözün bütün mənalarında mafioz hakimiyyətin dəhşətli simaları haqda verilən olduqca önəmli və biabırçı faktdır. Normal ölkədə, qanunların işlədiyi dövlətdə buna görə hökumət istefa verər, yüzlərlə adam türmələrə doldurular. Niyə?Əvvəla: vəzifəli şəxsin bizneslə məşğul olması və ya vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qeyri-qanuni hallara rəvac verməsi qanunla cinayət sayılır. Abid Şərifovun sözlərindən belə çıxır ki, hansısa vəzifəli şəxslər bu cinayət əməlləri ilə məşğuldur. Deməli, hakimiyyətdə, vəzifə başında cinayətkarlar var. Bəs, niyə tədbir görülmür? Niyə onlar həbs olunmur?
Ikinci: Abid Şərifov həmin şəxsləri tanıyırmış. Qanunla cinayəti bilib xəbər vermədiyinə görə məsuliyyət müəyyən olunur. A.Şərifov cinayətkarı gizlədiyi üçün bir növ elə cinayətə şərik çıxmış kimidir. Nəzərə alsaq ki, Şərifov elə-belə kişi deyil, qocaman baş nazirə müavinlik edə-edə saç-saqqal ağartmış yekə bir vəzifə sahibidir, onda bu cinayətin məsuliyyəti xeyli artmış olur.
Bu hələ harasıdır? Yol qaydasını pozan ağır yük maşınlarını (cəri)mələtməli olan Dövlət Yol Polisi idarəsinin rəisi Ramiz Zeynalov söz alıb, daha dəhşətli, daha biabırçı, daha faciəvi faktlar açıqladı. Adam çəkinib-eləmədən Abid Şərifovun “gizlətdiyi” cinayətkarları barmağıyla göstərdi. Dedi ki, “Gəlin, açıq danışaq – baxdığınız bu videolentdəki maşınların bir hissəsi elə bu zalda oturanlara məxsusdur”.
Yeri gəlmişkən, videolentdə qanunu pozan maşın sahibləri polisin əmrlərinə nəinki tabe olur, hətta onlara itin sözünü deyib yanlarından keçirdilər.Zalda kim oturmuşdu, bilirsinizmi? Ziya Məmmədov, Cavid Qurbanov, Abid Şərifov və ölkənin digər yekə məmurları.Yəni Abid Şərifovla Ramiz Zeynalov dolayısıyla, hərləməsiylə, fırlamasıyla yox, birbaşa – üzü-üzlərinə, gözü-gözlərinə orda oturan vəzifəli şəxslərin cinayətkar olduqlarını bəyan etdilər.
Zatən, biz bilirdik ki, Azərbaycanı – hakimiyyəti qəsb etmiş bir qrup cinayətkar, mafioz, dələduz, korrupsioner, rüşvətxor idarə edir. Amma bunun yüksək səviyyədə etirafı daha maraqlı idi.Yenə də Şərifovun və Zeynalovun atasına rəhmət: adamlar kişi kimi iki həqiqəti bağırdılar: Birincisi, dedilər ki, ay millət, yəni qanmırsınız ki, bura yığışanların hamısı cinayətkardır? Onlar nəyi müzakirə edib, hansı tədbir görəsidirlər?Ikincisi, bəyan etdilər ki, daha cinayəti və cinayətkarı gizləməyə, ört-basdır etməyə heç bir ehtiyacımız yoxdur: satırıq, talayırıq, dağıdırıq, yeyirik, sökürük – əcəb eləyirik, əlinizdən baxmaqdan və yanıb tökülməkdən başqa nə gələsidir ki!
Ilham Əliyevin yol əhvalatı
Cənabımız bu gün Sabirabada gedib, tikilməsi planlaşdırılan 68 kilometrlik yolun başa çatmış 15 kilometrlik hissəsinin açılışını edib.Qalır 30, 45, 60 km-lik hissələrin və bir də ümumi, bütöv, tam 68 kilometrin açılışı. Belə məlum olur ki, hörmətlimiz düz 4 dəfə dalbadal Sabirabada getməli, 68 kilometrlik yolu hissə-hissə, bala-bala, asta-asta açmalı, lap sonda, 5-ci səfərində daha möhtəşəm bir iş həyata keçirməli, hissələri birləşdirilmiş yolun qırmızı lentini bir ayrı cür, xüsusi ləzzətlə kəsməlidir.
Hakimiyyətin yürütdüyü təbliğatdan bilirəm ki, bu, analoqu olmayan fenomen iqtisadi inkişafın Azərbaycan modelidir. Ancaq bilmirdim ki, bu “fenomen inkişafın analoqsuz modeli” hörmətlimizi bihörmət eləməyə hesablanıb. Adam da yolu hissəyə bölüb, parça-parça açdırmaqla öz prezidentini bihörmət edər? Adam da uzunluğu kəsdiyi qırmızı lent boyda olan yola görə hörmətlini yola çıxardar?