“Cabbar Savalanlı vicdan məhbusudur və qeyd-şərtsiz, dərhal azadlığa buraxılmalıdır”,- “Amnesty International” təşkilatının mayın 4-də yaydığı bəyanatda belə deyilir.
Bu cür vicdansızcasına həbsləri iki cür əsaslandırmaq olar:
Bir – qorxutmaq amaclı; iki – qorxduğundan. Gəlin, hələlik biz birincinin üstündə dayanaq. Qorxu və dəhşət doğurmaq isə birbaşa terrorun məqsədidi. Terrorsa heç də qəzəb görsənişi deyil. Terror – siyasi silahdır. Dolayısı ilə, yekun məqsəd liderlərə inamın itirilməsidir. Beləliklə, Azərbaycanda hakim partiyanın terroru hökm sürür.
Heydər Əliyevin hakimiyyət illərində bu səviyyədə həbslər demək olar ki, baş vermir, terror əsasən müxalif hərbi liderlərə qarşı aparılırdı. Sındırmaq çox yuxarı ranqa yönəlmişdi. Bu həmin dövrü heç də təmizə çıxarmır, ən azı ona görə ki, indiki rejim özündən qabaqkının məntiqi sonluğudu. Bu rejim özündən yaranmayıb və ümumiyyətlə, heç nə heçdən yaranmır. Mütləq bir səbəb və yaradıcı olmalıdı.
Ata Əliyevin qorxusu uşaqlardan, gənclərdən deyildi və bütövlükdə qorxu əmsalı çox aşağıydı, ya da belə deyək, sırf psixoloji məzmundaydı. Bu, ən azman, ən qorxu-ürküsüz diktatorların belə ana xəstəliyidi. Son ana qədər diktatorların yaxasından əl çəkmir. Qarabasmalar, kabuslar görünür gözə. Iddiaya adekvat olaraq, təhlükə də sanki öləri adamlardan deyil, nəsə fövqəlbəşər qüvvələrdən gözlənilir. O zaman da diktatorun “yuxarılarla” savaşı başlayır. Bu savaşda, belə ifadə caizsə, “mülki vətəndaşlar” da həlak olur, yaralanır, gülləyə, işgəncəyə tuş gəlir. Lakin eynən döyüş meydanında olduğu kimi.
Indi isə durum bir az başqa cürdü. Diktatorluğun özü həvəskar və sütül mərhələdə olduğu kimi, onun simptomları da yetkinləşməmiş, sırf fiziki xarakterdədi. Bəşəri keyfiyyət daşıyır. Allaha (vicdana) ümumiyyətlə, inam olmadığı üçün bütün intiqam birbaşa insanlardan alınır, istənilən müxalif kəsi fiziki cəhətdən aradan götürmək yolu seçilir. Bu yolda hətta 5 yaşlı qızcığaz belə düşmən kimi görülür. Qızcığazın “Azadlıq!” hayqırması diktatora zərrəcə çatmır. O bu yavrunun onu niyə sevməməsini, daha doğrusu, ona niyə kölə olmamasını, susmamasını həzm eləyə bilmir. Ona görə, rejim o dərəcədə güclü çalışmalıdı ki, körpələr dilinin ilk orucunu “ata, ana” yerinə “analoqsuz, ümummilli, möhtərəm, fenomen, ümumdaxıli məsul, həzrətləri” və bu qəbil kəlmələrlə açsınlar.Əks halda o uşağı rahatca şişə çəkmək, beşikdəcə boğmaq, başını əkmək olar. Mümkün olsa, bu uşaqların yarandığı nütfəyə belə o sözləri calaq elərdilər. Əslində, hardasa elə bunu eləyirlər də. Ama bu mümkünmü?
Mənim 3 yaşlı bir qohumum bu hakimiyyət üçün elə jestlər, elə hərəkətlər eləyir ki, adamın matı-qutu quruyur. Axı bu uşağın nə evində bu tip asi söhbətlər
gedir (yəni ata-anası rejimə seçilən şəkildə asi-filan deyillər), nə efirdə elə müxalif hərəkətlər görür, nə də, ay toba, mən bir şey öyrətmişəm. Valideynləri çalışır ki, uşaqlarını küçəyə çıxarmasınlar, marşrutda gəzdirməsinlər, kəsəsi, adam içinə çıxarmasınlar. Sanki bu yavrunun bəzi şəkillərə anadangəlmə allergiyası var. Gördüyü yerdə ədəbsiz jestindən qalmayacaq. Körpə Məryəmin həbsindən sonra həmin uşaqla bağlı təhlükəsizlik tədbirləri fövqəladə vəziyyətə gətirilib.
Heç bir şübhə yoxdu ki, gizli kameraların addımbaşı qurulduğu, xəfiyyələrin it aşı kimi qaynaşdığı, polis amcaların marıtladığı hər yerdə bu uşaq ağzından söz qaçıra və həbs edilə, işgəncələrə məruz qala bilər.
“Amnesty International” təşkilatı öz bəyanatlarında vicdan məhbuslarının sayını dənə-dənə artırır. Əslində isə bu ölkədə istisnasız olaraq hər kəs vicdan məhbusudu. Dövlət başçısı da daxil olmaqla. Hərə öz vicdanının məhbusudu. Ona görə də tələb belə qoyulmalıdı: “Bütün Azərbaycan vicdan məhbusudur və qeyd-şərtsiz, dərhal azadlığa buraxılmalıdır”.