Vəfa Quluzadə: «Düşünmürəm ki, Rusiya dondurulmuş münaqişələri hazırkı dönəmdə yenidən alovlandırsın, çünki, bunun daha böyük ziyanı Kremlə dəyə bilər»
Ukraynada baş verən proseslər davam etdikcə, Rusiya mətbuatında Qərbə yönəlik informasiyalar geniş yayılmaqdadır. “Ukrayna üzrə beynəlxalq konfransın keçirilməsi variantı dondurulmuş münaqişələr olan Dnestryanı və Dağlıq Qarabağ üçün hipotetik nümunəyə gətirib çıxara bilər”.
Bu məsələlərə Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşrində toxunulub. Nəşr yazır ki, hazırki proseslər yaxşı gələcək vəd etmir: “Hadisələr Rusiya və NATO arasında münaqişənin böyüməsinin neqativ ssenarisi üzrə inkişaf edir. Ekspertlər bunu tez-tez soyuq müharibə ilə müqayisə edirlər. Lakin bu, tamamilə belə deyil. NATO-nun Şərqə doğru genişlənməsi Baltik-Qara dəniz hövzəsində münaqişə sistemini dirçəldə bilər. Beləliklə, Moskva və Vaşinqtonun rəqabəti Finlandiyadan başlayaraq Gürcüstan və Azərbaycana qədər olan ərazini əhatə edəcək”.
“Nezavisimaya qazeta” qeyd edib ki, Ukrayna münaqişəsini doğuran Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı ərazilərin yenidən bölünməsinə aparır. “Tanınmamış separatçı rejimlər ətrafında münaqişənin donu açıla, yaxud onlar ”qismən tanınmış” statusu ala bilər. Bura Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və son zamanlar ortaya çıxan Novorossiya daxil edilə bilər. Eyni zamanda, Rusiya və NATO-nun Baltik-Qara dəniz regionunda hərbi infrastruktura var. Demək çətindir ki, münaqişənin böyüməsi nəticəsində regionda hərbi əməliyyatlar keçirilməyəcək”, – rus nəşr proseslərlə bağlı proqnoz verir.
Politoloq Vəfa Quluzadə hesab edir ki, bu cür proqnozlar sadəcə olaraq Qərbi şantaj etmək siyasətidir. Qərbin Rusiyaya hücum etmək niyyətində olmadığını deyən V.Quluzadə bildirdi ki, reallıq ondan ibarətdir ki, Rusiya Krıma hücum edib və hazırda ölkənin şərqini qarışdırmaqla məşğuldur: “Rusiya Donetsk ilə Luqanskı müstəqil respublika elan etməyə çalışır. Qərb isə Rusiyaya qarşı sanksiyalar qəbul etməklə məşğuldur. Yaranmış situasiyada Rusiya Qərbə qarşı hansı addımlar ata biləcəyini bilmir. Ona görə Rusiya gah Qərbi nüvə silahı ilə təhdid edir, gah da dondurulmuş münaqişələrin yenidən aktiv fazaya keçə biləcəyini deyir. Münaqişələrin yenidən aktivləşməsinin günahı Qərbin deyil, Rusiyanın günahına yazılmalıdır. Amma düşünmürəm ki, Rusiya dondurulmuş münaqişələri hazırkı dönəmdə yenidən alovlandırsın, çünki, bunun daha böyük ziyanı Kremlə dəyə bilər”.
Xəyal