Paytaxt sakini Zahir Məmmədovun problemi barədə “Azadlıq”ın ötən sayında məlumat vermişdik. Bir daha xatırladaq ki, Zahir Məmmədov paytaxtın Nəsimi rayonu ərazisində, Salatın Əsgərova küçəsi 157, mənzil 17 ünvanında yaşayır. Ailəsinin maddi baxımdan çox çətin vəziyyətdə olduğunu deyən paytaxt sakininin sözlərinə görə, o, ünvanlı sosial yardım üçün dəfələrlə Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etsə də, nəticəsi yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Zahir Məmmədovun şikayətilə bağlı “Azadlıq”a cavab göndərilib. Nazirlikdən bildirilib ki, Zahir Məmmədov ötən il iyunun 18-də Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət edib. Təqdim olunan sənədlərə ünvanlı sosial yardım təyin edən komissiyada baxılaraq, 1 iyun 2013-cü ildən 31 may 2014-cü ilədək 121 manat 69 qəpik ünvanlı dövlət sosial yardım təyin edilib: “Bildiyiniz kimi, qanunvericiliyə uyğun olaraq, ünvanlı dövlət sosial yardımı bir il müddətinə təyin olunur. Həmin müddət başa çatdıqda ünvanlı dövlət sosial yardımı dayandırılır. Yenidən təyinat aparılması üçün vətəndaş müvafiq sənədlərlə yenidən müraciət etməlidir. Təəssüf ki, vətəndaş Zahir Məmmədov 31 may 2014-cü il tarixdən sonra Nəsimi rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə rəsmi qaydada müraciət etməyib. Müraciət etmədiyi halda, guya ona ünvanlı dövlət sosial yardımının təyin olunmaması barədə həqiqətəuyğun olmayan məlumatlar yayır. Vətəndaşdan xahiş olunur ki, ona ünvanlı yardımın yenidən təyin olunması üçün Nəsimi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinə müraciət etsin”.
Sosial şöbə