«Media həqiqəti yazmalıdır, əgər hakimiyyət bu fəaliyyəti səhv görürsə, bu yanlış yanaşmadır»
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələri və kütləvi informasiya vasitələri rəhbərləri ilə keçirdiyi müşavirə bir sıra aspektlərdən maraq kəsb edir.
Müşavirədə geniş məruzə ilə çıxış edən R.Mehdiyev qeyd edib ki, toplantının əsas məqsədi Azərbaycanın informasiya təhlükəsizliyi ilə bağlı bir sıra aktual məsələləri müzakirə etməkdir. Amma «informasiya təhlükəsizliyi» ifadəsi altında söz və mətbuat azadlığının bir qədər də daralmasının nəzərdə tutulduğu şübhə doğurmur. R.Mehdiyev bəyan edib ki, bundan sonra Azərbaycanın milli maraqlarına və qanunvericiliyinə zidd fəaliyyətə görə KİV-lər barəsində müvafiq ölçü götürüləcək.
Diqqət çəkən daha bir məqam toplantıya ölkədə tanınmış və tiracı olan tənqidçi media rəhbərlərinin çağrılmaması idi.
Toplantıda səslənən fikirlərə media təmsilçilərinin fikirlərini öyrəndik.
Mövzu ilə bağlı fəaliyyətini dayandırmış «Zekalo» qəzetinin baş redaktoru Elçin Şıxlının münasibətini öyrənməyə çalışdıq. «Mənim rəhbərlik etdiyim qəzet artıq fəaliyyətini dayandırıb. Ona görə mənim keçirilən bu toplantı heç bir aspektdən məni maraqlandırmır», deyə E.Şıxlı bildirdi.
«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev hesab edir ki, hakimiyyətin ölkədə yürütdüyü siyasət medianı acınacaqlı duruma salıb. Medianın əsas funksiyanın cəmiyyətdəki, hakimiyyətdəki eybəcərlikləri tənqid etmək olduğunu deyən M.Əliyev bildirdi ki, medianın funksiyası hakimiyyəti tərifləmək olmamalıdır: «Media ictimai nəzarəti yerinə yetirən bir institutdur. Media şəffaflıq, azad söz gətirən strukturdur. Əgər hakimiyyət bu fəaliyyəti səhv görürsə və düşünürsə ki, bu düşmən dəyirmanına su tökməkdir, o zaman bu yanlış yanaşmadır. Medianın əsas funksiyası həqiqəti yazmaq və ona xidmət etməkdir. Əgər tənqid reallığa əsaslanırsa o zaman həmin problemləri həll etmək gərəkdir. Problemləri ört-basdır etmək və medianı onları açdığına görə qınamaq absurtdur».
R.Mehdiyevin yanındakı toplantıda yalnız hakimiyyəti tərifləyən medianın iştirak etdiyini deyən M.Əliyev bildirdi ki, 2005-ci ildə də hakimiyyət oxşar problemləri qaldırmışdı. Hazırda da bu məsələlərin müzakirəyə çıxarılması onu sübut edir ki, hakimiyyətin informasiya siyasətində ciddi problemlər var.
Xəyal