Müzəffər Baxışov: «Bələdiyyə dövlət mülkiyyətində olan torpaqlara sərəncam verə bilməz»
Lent.az-ın Bakı Apelyasiya Məhkəməsinə istinadən verdiyi məlumata görə, Bakı Şəhər Icra Hakimiyyəti Zığ bələdiyyəsini sərəncamlar və həmin sərəncamlar əsasında aparılmış bütün sənədləşdirilmələrin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə verib.
Məsələ barədə fikirlərini “Azadlıq”la bölüşən hüquqşünas Müzəffər Baxışov söyləyir ki, dövlət mülkiyyətində olan torpaqları bələdiyyələr qanunsuz olaraq kimlərəsə verəndə həmin sərəncamın əsassız olması barədə məhkəməyə müraciət mümkündür. M.Baxışov qeyd edir ki, bələdiyyələr dövlət mülkiyyətində olan torpaqlar üzərinə sərəncam verə bilməz. Belə ki, ölkənin torpaq münasibətlərini tənzimləyən 2008-ci ilin oktyabr tarixli qanunvericiliyə olan əlavə və dəyişikliklərə görə də bələdiyyə yalnız mülkiyyətində olan torpaqlar barəsində hərrac və ya alğı-satqı yoluyla sərəncam verə bilər: “Amma hökmən bələdiyyənin özünün həmin torpağa münasibətdə çıxarışı, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində çıxarışı olmalıdır ki, həqiqətən də bu torpaqlar Zığ bələdiyyəsinin mülkiyyətindədir. Belə bir çıxarış yoxdursa, qanunsuz olaraq həmin torpaqlar hərraca çıxarılaraq satılıbsa, onda dövlət mülkiyyətində olan torpaqların qanunsuz satılmasıyla bağlı icra hakimiyyəti məhkəməyə müraciət edə bilər. Yəni icra hakimiyyəti torpaq üzərində idarəçiliyi həyata keçirdiyinə və həmin sərəncamlar onun mənafeyinə toxunduğuna görə belə bir iddia ərizəsiylə məhkəməyə müraciət edə bilər”.
Nigar