Rejissor Asif Kapadia və baş rollardan birinin ifaçısı Adəm Bakridir
2015-ci ildə Azərbaycanda Qurban Səidin eyniadlı romanı əsasında çəkilmiş “Əli və Nino” bədii filminin premyerası olmalıdır. Bu, inqilabdan əvvəlki Bakıda azərbaycanlı gənclə gürcü qız arasında məhəbbət tarixçəsidir. Romanda 20-ci əsrin əvvəlində dünyanın neft paytaxtının siyasi, etnik və mədəni həyatı çox gözəl təsvir edilir.
Bu yaxınlarda Kann festivalında bu layihənin əsas iştirakçıları kiçik təqdimat keçirərək baş rolların ifaçılarını, rejissor və ssenari müəllifini elan ediblər.
Qeyd edək ki, bu layihədə aparıcı qüvvə Ingiltərədə yaşayan hind kinemaqtoqrafçılarıdır. Bunlar əsasən rejissor Asif Kapadia və baş rollardan birinin ifaçısı Adəm Bakridir.
A.Kapadia Böyük Britaniyada hindlilər tərəfindən çəkilmiş bir sıra filmlərin müəlifidir. A.Bakri isə əslən Israildən olan etnik ərəbdir.
Filmin ssenari müəllifi britaniyalı yazıçı və rejissor Kristofer Hampton, prodüser Kris Taykerdir. Filmin büdcəs, eyni zamanda çəkiliş yerləri məlum deyil. Təqdimat təşkilatçıları layihəni kimin maliyyələşdirdiyini açıqlamayıblar.
“Əli və Nino” romanı 1937-ci ildə Almaniyada alman dilində dərc edilib və tezliklə bir çox dillərə tərcümə olunub. Hadisələr Birinci Dünya Müharibəsindən sonra Azərbaycan, Gürcüstan və Iranda cərəyan edir. Müharibə, iğtişaşlar, qan tökülməsi fonunda Nino Kipiani, Ali xan Şirvanşirin iştirakı ilə məhəbbət üçbucağı yaranır.
“Turan”