Müharibə onların gəncliyini alıb, dövlət isə gələcəyini
“Ilk günündən beş oğlumun beşi də müharibədə iştirak edib. Uşaqlarımda ruh yüksəkliyi yaratmaq üçün onlara arxa dayaq olmuşam. Amma indi beş oğlumdan ikisinə müharibə veteranı statusu verilib. Üç oğluma veteran adı vermirlər”, – Solmaz Rüstəmova müharibə dövründə oğulları ilə birlikdə vətənin müdafiəsində iştirak etdiyini bildirir.
Onun sözlərinə görə, oğlanları ön cəbhədə vuruşarkən, özü də əsgərlər üçün çörək bişirirmiş. S.Rüstəmova deyir ki, oğlanlarından biri döyüşdə yaralanıb, amma buna baxmayaraq, veteran statusunu ala bilmir:
“Gəncə hospitalından oğlumun yaralanması barədə sənəd də almışam. Amma yenə də get-gələ salırlar. Müdafiə Nazirliyindən tutmuş hər yerə müraciət etmişəm”.
Solmaz Rüstəmovanın oğlu Fikrət 1992-ci ildən 1996-cı ilədək hərbi xidmətdə oduğunu söyləyir: “Müharibə zamanı hərbi biletim itib. Qulluq etdiyim hərbi hissədə sənədləri tapa bilmirlər. Göndəriblər Tovuzun hərbi komissarlığına. Orda da hərbi bileti tapmadılar. Hərbi hissədə bütün sənədlərimi itiriblər. Ümumiyətlə 200 nəfər döyüşçünün sənədinin itdiyini deyirlər. Müraciətlərimizə baxan yoxdur”- Firkət Rüstəmov deyir.
Isa və Məhiyəddin Tağıyevlər müharibə dövründə təcili yardım maşınında xidmət ediblər. Məhiyəddin Tağıyev bildirir ki, onları rayon xəstəxanasından hərbi hissəyə ezam ediblər: “Əmrlə döyüş bölgəsinə göndərilmişik. Müharibənin sonuna qədər yaralıları daşımışıq. Bir çox hallarda yaralı apararkən özümüz döyüşə girməli olmuşuq. Ermənilər sanitar maşınlara da atəş acırdılar. Amma indi veteranlığımızı təsdiq etmirlər”.
Isa Tağıyev bildirir ki, 1993-cü ildən Gədəbəy rayon Xəstəxanasından əmrlə döyüş bölgəsinə ezam edilib: “Güllə yağışının altından yaralıları cıxarmışıq. Əsgərlərin cəsədlərini daşımışıq. Ön səngərə silah-sursat aparmışam. Yaralı daşıyarkən mərmi partlayıb, maşın aşıb, yaralanmışam. Amma indi bizi qapıdan qovurlar. Gədəbəyin hərbi komissarlığına getmişdim, komissar polis çağırıb deyir ki, tutun bunu içəri basın”.
Hərbi ekspert Üzeyr Cəfərov bildirir ki, müharibədə iştirak edib, veteran statusu almayan xeyli sayda insan var: “Təəssüflər olsun ki, belə hallarla tez-tez rastlaşırıq. Əsgərin borcu deyil ki, döyüşdə olduğunu sübut etsin. Ona görə ki, həmin əsgərə müharibə dövründə silah verilib, ərzaq verilib və pis-yaxşı məvacib verilib. Müdafiə Nazirliyinin arxivi özünə əziyyət verib, sənədləri tapmaq istəmir. Əgər Müdafiə Nazirliyi bunu həll eləmirsə, məhkəməyə müraciət edilməlidir. Həmin döyüşçünün 3 nəfər döyüş yoldaşının yazılı, notarial qaydada təsdiq edilmiş ifadələri də məhkəməyə təqdim edilməlidir. Biz bu yolla bir neçə nəfərin sənədini məhkəmə yolu ilə ala bilmişik”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Məhəmməd Dərgahlı isə bildirir ki, həmin şəxslər Müdafiə Nazirliyinə müraciət etsələr problemlə məşğul olarlar:ÿ
“Bunun üçün Bakıya gəlməyə də ehtiyac yoxdur. Müdafiə Nazirliyinin rəsmi saytında müraciətlər bölməsi var. Ora şikayətlərini yazsınlar. Bundan sonra araşdırma aparıb, problemi həll etmək olar”.
Hazırda Azərbaycanda 13 min 700 şəhid ailəsi, 11 min Qarabağ əlili var. Müharibə veteranlarının sayı isə təxminən 76 mindən çoxdur.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli hesab edir ki, Qarabağ müharibəsi veteranlarının dəqiqsayını müəyyət etmək üçün xüsusi təstifata ehtiyac var.
“Bu gün əlində silah 5 il vuruşub yaralanmayan veteranımız da var, bir həftəlik ezamiyyətə gedən polis əməkdaşımız da. Bir həftə ezamiyyətdə olan həmin polisə deyəndə ki ”sən veteran deyilsən”, cavab verir ki, “mən də ölə bilərdim”. Onun dediyində də əsas var. Ona görə də veteranların təsnifatlandırılmasına ehtiyac duyulur. Bununla bağlı ideyalar var və həyata keçiriləcək. Hazırda məhz veteranların təsnifatlandırılması və onların imtiyazlarının öyrənilməsi prosesi gedir. Təsnifatlandırma deyəndə, öncə müəyyənləşdirilməlidir ki, kimlər əldə silah döyüşüb. Üç gün döyüş bölgəsində olmuş jurnalist veteranlar var, bunlar ayrılmalıdır. Könüllülər ayrılmalıdır. Bu isə o deməkdir ki, həmin şəxslərin veteran statusu özlərində saxlanılmaqla, fərqli imtiyazları olacaq”, – millət vəkili APA-ya bildirib.
Solmaz Rüstəmova isə deyir ki, müharibədə can qoymuş oğlanlarına bu cür dəyər verilməyəcəyini bilsəydi onları, heç belə ürəklə hərbə göndərməzdi:
“Axı onlar vətən üçün vuruşublar, yenə müharibə olsa, yenə vətəni qoruyarlar. Amma dövlət də öz veteranına sahib çıxmalıdı axı… ”
Civil-forum.az