Elman Şahverdiyev: «Elmlər Akademiyası üzvlüyünə seçki yox, Prezident Administrasiyasının siyahısı ilə təyinat olub»
Azərbaycan Milli Elmlər Akademiyasına keçirilmiş seçkilər də saxtakarlıqla müşayiət olunub. Daha doğrusu, Elmlər Akademiyasına seçki Prezident Administrasiyasından gəlmiş konkret siyahı əsasında baş tutub. Yəni, seçki yox, həmin siyahı əsasında təyinat olub. Bu barədə Elmlər Akademiyasının Fizika Institutunun laboratoriya rəhbəri Elman Şahverdiyev dövlət başçısı Ilham Əliyevə ünvanladığı növbəti açıq məktubunda yazıb.
Beynəlxalq mətbuatda elmi məqalələrlə çıxış edən, Amerikada nəşr olunan “Dynamical and Control Systems” jurnalının redaktorlarından biri olan Elman Şahverdiyev yazır ki, seçki zamanı o da fizika üzrə Elmlər Akademiyasının müxbir üzvlüyünə namizəd olub. Amma kənarda qalıb: “Halbuki, müxbir üzv təyin edilmiş 7 nəfərin işlərinə cəmi sitatların sayı tək mənim işlərimə sitatların sayından azdır. Həqiqi üzv təyin edilmiş 3 nəfərin işlərinə cəmi sitatların sayı da mənim işlərimə olan sitatların sayından 1,7 dəfə azdır”.
Məktubda o da qeyd olunur ki, Milli Elmlər Akademiyasının yeni üzvlərindən ən azı beşinin ikili vətəndaşlığına dair ciddi şübhələr var. Bundan başqa, yeni üzv olanlara verilən səslərin sayı şişirdilib.
“Cənab prezident, bu cür ədalətsiz təyinatları həyata keçirənlər Sizi fakt qarşısında qoyaraq inanırlar ki, onların qərarını qəbul edib, bu qeyri-obyektivliyə göz yumacaqsıniz. Xahiş edirəm ki, seçkilərin Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq, nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz”, – deyə məktubda qeyd olunub.
Elman Şahverdiyev onu da əlavə edir ki, iyulun 1-dən bəri bu məsələ ilə əlaqədar bir neçə dəfə dövlət başçısına müraciət edib. Lakin əvvəlki məktublarına cavab almadığından bu dəfə müraciətini həm də mətbuat vasitəsilə çatdırmaq qərarına gəlib.
Informasiya şöbəsi