“Andiçmə mərasiminə niyə İlham Əliyev gəlmir? Məgər Ərdoğan Oqtay Əsədov ranqındadır?”
Turqut Ər: «İlham Əliyevin müəllimi Putindir, əsl siyasəti də tiranlıqdır»
Türkiyənin yeni seçilmiş prezidenti kimi Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistan prezidentinin də dəvət edilməsi Azərbaycan hakimiyyətində kəskin reaksiya doğurub. Məlumatlara görə, böyük ehtimalla, Ermənistan Türkiyə prezidentinin andiçmə mərasiminə xarici işlər naziri səviyyəsində qatılacaq. Sarkisyanın andiçmə mərasiminə dəvət edilməsinə hakimiyyətin reaksiyası isə YAP-çı deputat Aydın Mirzəzadənin dilindən səslənib. A.Mirzəzadə facebook səhifəsində məsələyə münasibət bildirərək, yazıb Ermənistanın və şəxsən Sarkisyanın Türkiyəyə, türklərə qarşı “düşmən münasibət” bəslədiyi halda erməni prezidentin andiçmə mərasiminə dəvət edilməsi anlaşılan deyil.
Mirzəzadənin bu münasibətinin özfəaliyyət olduğu inandırıcı görünmür. Çünki Azərbaycanda hakimiyyət təmsilçilərinin müstəqil mövqe sərgiləməsinə bir qayda olaraq rast gəlinməyib. Ona görə də Aydın Mirzəzadənin mövqeyi elə hakimiyyətin münasibəti kimi anlaşılmalıdır. Hakimiyyətin bu cür məsələlərdə davranış təcrübəsindən çıxış edərək söyləmək olar ki, bundan sonra kampaniyaya hakimiyyətdən yeni-yeni simalar qoşulacaq.
Tanınmış Türkiyəli diplomat, bu ölkənin Azərbaycandakı səfirliyində işləmiş, ölkəmizlə bağlı “Azadlıqdan tiranlığa” kitabının müəllifi Turqut Ər də hesab edir ki, Aydın Mirzəzadənin söylədikləri təsadüfi deyil və Azərbaycan hakimiyyətinin baş verənlərə münasibətini göstərir. Turqut Ər “Azadlıq”a açıqlamasında deyib ki, bu məsələ ilə bağlı başqa detallara da diqqət yetirmək lazımdır:
«Aydın Mirzəzadə yuxarıdan tapşırıq alaraq bu bəyanatla çıxış edir. Ona bu tapşırığı dövlət başçısı İlham Əliyev verib. Amma burada daha bir məqama diqqət yetirmək lazımdır. Azərbaycanı andiçmə mərasimində Milli Məclisin spikeri Oqtay Əsədov təmsil edəcək. Məgər Ərdoğanla Oqtay Əsədov eyni ranqdadır? Bəyan edirik ki, biz bir millət iki dövlətik. O zaman qardaş ölkənin başçısı İlham Əliyev niyə andiçmə mərasiminə qatılmır? Deməli, ortada bir konflikt mövcuddur. Belə bir beynəlxalq norma var – yeni seçilən dövlət başçısı andiçmə mərasiminə qonşuluqda yerləşən dövlətlərin başçılarını dəvət edir. Bu dəvəti qəbul edənlər də olur, etməyənlər də. Türkiyənin hamıya məlum olan bir Ermənistan siyasəti var».
Turqut Ər vurğulayıb ki, Türkiyənin Ermənistan siyasəti bəlli şərtlər dəyişməyəcəyi təqdirdə davam edəcək. Ankara Ermənistanın Qarabağı işğal etməsini, «erməni soyqırımı»nı dünyaya tanıtmaq istəməsini və Türkiyəyə ərazi iddialarını unutmur:
«Ermənistanın Türkiyə üçün böyük önəmi yoxdur. Türkiyənin milli siyasəti var. Həmin milli siyasət heç bir təzyiq altında dəyişdirilə bilməz. Qarabağ işğaldan azad olunmayınca Ermənistanla əlaqələrin bərpasının mümkünsüzlüyü həmin siyasətin tərkib hissəsidir. Bu siyasəti heç bir iqtidar, dövlət başçısı dəyişdirə bilməz. Türkiyənin ünvanına bu cür ittihamlar səsləndirənlər boşboğazlıq edir. Bu cür ittihamlar nə qədər səslənsə də, Türkiyə heç vaxt milli siyasətindən əl çəkməyəcək».
Turqut Ər eyni zamanda son zamanlar Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətə də münasibət bildirib:
«İlham Əliyevin komandası yanlışlığa yol verir. Bir gün Rusiyanın yanında olur, bir gün Türkiyənin. Bu siyasət deyil. İlham Əliyevin hazırda müəllimi Putindir. İlham Əliyev Putinləşib. İlham Əliyevin əsl siyasəti tiranlıqdır. Bu siyasəti də bir gün Azərbaycan xalqı aradan qaldıracaq».
Xəyal