Fəzail Ağamalı: «Vətəndaşı həyatına qəsd fikrinə düşməyə vadar edən adam Qobustanda, quru səhrada daş daşısın ki, özünə nəticə çıxarsın»
Zərdabın icra başçısı sahibkar Fəqan Nəsibovu intihar həddinə çatdırmasına deputat Fəzail Ağamalı da münasibət bildirib. Deputat “Yeni Müsavat”a deyib ki, icra başçısının vətəndaşı intihar həddinə çatdırması xoşagələn hadisə deyil və bu cür məmurlarla bağlı ciddi tədbirlər görülməsinin vaxtı çatıb:
“Vətəndaşı öz həyatına qəsd etməyə vadar eləyən məmurun hərəkəti nifrətə layiqdir. Cənab prezident Ilham Əliyev dəfələrlə məmurlara özünü nümunə gətirib və məmurların işinin xalqa xidmət etməkdən ibarət olduğunu bəyan edib, xalqa xidmət etməyin böyük şərəf olduğunu məmurların diqqətinə çatdırıb. Ancaq çox təəssüflər olsun ki, bu gün yerində olmayan məmurlar var. Əlbəttə, bu cür hadisələri bütün məmurlara, bütün icra başçılarına şamil etmək ədalətsizlik olardı. Lakin bəzi icra başçıları ölkə prezidentinin dəfələrlə etmiş olduğu xəbərdarlıqdan nəticə çıxarmırlar. Deməli, artıq onlar haqqında çox ciddi tədbirlər görmək lazımdır.
Görünür ki, bu cür icra başçılarını sözlə, öyüd-nəsihətlə çəkindirmək mümkün deyil. Mən çox istərdim ki, avqustun 21-də vətəndaşın özünü körpüdən atmağa cəhd hadisəsi ilə bağlı Respublika Prokurorluğu çox sərt addımlar atsın və vətəndaşı həyatına qəsd fikrinə düşməyə vadar edən adam Qobustanda, quru səhrada daş daşısın ki, özünə nəticə çıxarsın”.
Qeyd edək ki, Fəqan Nəsibov 65 min dollar pulunun Lütvəli Babayev tərəfindən mənimsənildiyini bildirir. Sahibkar artıq bir neçə ildir ki, icra başçısından pulunu ala bilmir.