«Hər türk liseyinin məzunlarından 3-ü, bizim isə hər 32 məktəbimizin 1 məzunu qızıl medala layiq görülüb»
Etibar Əliyev: «Fərman Abdullayevin TQDK-ya ittihamları xeyli dərəcədə bu qurumla bağlı Fəzail Ağamalının qərəzli ittihamlarına bənzəyir»
Yeni dərs ili yaxınlaşır. Ancaq köhnə problemlər də qalmaqda davıam edir. Istər orta məktəblərdə təhsilin səviyyəsi, istərsə də ali məktəbə qəbulla bağlı söz-söhbətlər bitmək bilmir. Təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevlə müsahibəmizdə cəmiyyəti narahat edən bu və başqa suallarımıza cavab tapmağa çalışdıq.
– Etibar müəllim, təhsil naziri müsahibələrinin birində hazırda respublikanın rayonlarında 2000 saxta diplomlu şəxsin ümumi təhsil sistemində çalışdığını bildirib. Bu nədən irəli gəlib? Bu məsələyə münasibətinizi bilmək istərdik.
– Azərbaycanda fəaliyyət göstərən və pedaqoji kadrlar hazırlayan ali məktəblərin sayı kifayət qədərdir. Paradoksa diqqət edin. Orta məktəblərdə iş tapa bilməyən xeyli sayda müəllimlərin olmasına baxmayaraq, 2000 saxta diplomlu şəxs müəllim kimi işə qəbul olunub. Keçmiş nazirin vaxtında müəllimliyə qəbul olunmağın yollarını hamı gözəl bilirdi.
2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf proqramı qəbul olunana qədər respublikanın ümumtəhsil məktəbləri şəbəkəsində 6774 nəfər müxtəlif pedaqoji ixtisaslı kadrlara tələbat mövcud olmuşdur. Respublikanın 469 məktəbində xarici dil tədris edilmir və şagirdlər faktiki olaraq həmin fəndən biliklərə yiyələnmək imkanından tamamilə məhrum olublar. Bu vaxtlarda 1748 məktəbdə 14 fənn üzrə 54 min saatdan çox dərs yükünü 4956 nəfər qeyri-ixtisaslı kadrlar tədris edirdi. Bu cür çatışmazlıqlar heç kimə imkan verə biməzdi ki, saxta diplomluları müəllim kimi işə qəbul etsinlər.
Əslində, dövlət proqramının icrası bu problemləri əsasən aradan qaldırmalı idi. Ancaq bu baş vermədi. Saxta diplomluların müəllim kimi işə qəbul olunması bu proqramın yerinə yetirilməməsi ucbatından artmağa başladı. Mən təhsil eksperti kimi, ümumiyyətlə, qəbul olunmuş proqram və layihələrin monitorinqinin aparılmasını təklif etmişdim. Ancaq nədənsə nazirlikdən səs çıxmadı. Maraqlıdır ki, bu təkliflə hələlik razılaşmayan nazirlik Nazirlər Kabinetinin qərarına dəyişikliklər edilməsinə nail oldu. Kompensasiya və stimullaşdırıcı tədbirlər hesabına dərs deyəcək müəllimlərə 12 saatlıq dərs yükü üçün 351 manat əmək haqqı müəyyənləşdirilib. Bunu yeni nazirin uğurlu işlərinin sırasına daxil etmək olar. Göründüyü kimi, layihə və proqramların icrasının vaxtında izlənməməsi öz fəsadlarını verir. Sual olunur. Bu artım geri qayıdanları təzədən müəllimliyə cəlb edə biləcəkmi? Məncə, burada geniş maarifçilik işləri ilə yanaşı, həm də başqa qabaqlayıcı tədbirlərə ehtiyac duyulur.
– Nazir müsahibəsində deyir ki, 2000 müəllimin təhsil prosesindən çıxarılıb, onları dərhal əvəz edilməsi mümkün deyil. Mürəkkəb bir dilemma qarşısındayıq: belə müəllimlə işləyək, yoxsa, yox? Onların çoxu kənd məktəblərində çalışır. Həmin müəllimlərin bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstəriblər. Ancaq sənədlərin yoxlanması nəticəsində məlum olub ki, bu diplomları Təhsil Nazirliyi verməyib…
– Keçmiş nazirin vaxtında biz dəfələrlə müəllimlərin işə qəbulundakı prosesdə nöqsanlara yol verilməsi barədə rəylər vermişik. Lakin M.Mərdanov şakərinə uyğun olaraq bunlara əhəmiyyət vermirdi. Mikayıl müəllim deyir ki, həmin müəllimlərin bəziləri vakant yerlər üçün imtahanlarda iştirak edərək öz peşəkarlıqlarını göstəriblər. Bu fikir xeyli şübhələr doğurur. Belə çıxır ki, nazirlik imtahanda iştirak etmək istəyən şəxslərin diplomlarının həqiqiliyini yoxlamadan onları imtahana buraxıb. Bu necə ola bilər ki, ali məktəbə ayaq basmayan kimsə imtahan verərək peşəkarlıq göstərə bilsin? Bütün bu prosesin gedişini Təhsil nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzalı Qədirov çox gözəl bilir. O ki qaldı həmin müəllimlərin əvəz olunması məsələsinə, onların bir qismini neçə illər ərzində imtahan verib keçid balı toplaya bilməyənlərlə əvəzlənməsi hesabına bu biabırçılığı az da olsa aradan qaldırmaq olardı. Bir də regionlarda fəaliyyət göstərən ali məktəbləri pedaqoji ixtisaslar üzrə bitirmiş kadrları müvəqqəti imtahansız işə qəbul etmək lazım idi. Onların çoxusu imtahanlardan çəkinib prosesdə iştirak etmirlər. Bu hər halda qeyri-ixtisaslı kadrların və saxta diplomluların işə qəbul olunmasından daha yaxşı olardı.
– Bu tədris ilində 700 bal toplayanların sayında artım hiss olundu, lakin ötən ilə nisbətən qızıl medalçıların sayı azaldı. Bu məsələyə münasibətiniz…
– Bəli, bu tədris ilində 700 bal toplayanların sayı 7 nəfər oldu. Məlum oldu ki, onların 2-si türk liseylərinin, digər 2-si isə Araz kurslarının məzunlarıdır. Bu göstərici 4500-dən çox yerli məktəblərimizlə müqayisədə çox yüksək göstəricidir. Maraqlıdır ki, bu istedadlar kurslar və fərdi hazırlıqları məktəbdə aldıqları təhsildən önə çəkirlər. 176 qızıl medalçının 35-i türk liseylərinin məzunlarıdır. Təhsil nazirliyinin tabeçiliyində olan gimnaziya və liseylərdən isə cəmi 8 nəfər qızıl medal alıb. “Hər türk liseyinin məzunlarından 3-ü, bizim isə hər 32 məktəbimizin 1 məzunu qızıl medala layiq görülüb”. Bu göstəricilər də bir kriteriya kimi orta təhsilimizin hansı durumda olduğunu göstərir. Qızıl medalçıların və 700 ballıların sayı ilə öyünmək lazım deyil. Indi qarşıda duran ən ciddi problem zəif oxuyanların gələcək taleyi barədə düşünməkdir. Başqa sözlə, funksional savadsızlığın aradan qaldırılmasıdır. Hesab edirəm ki, təhsildə sosial bərabərlik modeli tətbiq olunmalıdır. Buna “Isveç modeli” də deyirlər. Məsələn, Isveçdə zəif şagirdlərə köməklik göstərmək işi geniş vüsət alıb. Əlavə bilik almağa ehtiyacı olanlara daha çox dəstək verilir. Bu ölkədə bərabərlik prinsipi o qədər güclüdür ki, artıq “elitar məktəb” termini neqativ termin kimi işlənir. Bizdə isə zəiflər yalnız valideynlərin öhdəsinə buraxılıb. Bu da çox vaxt maddiyyatla bağlı olduğundan zəifləri dirçəltmək mümkün olmur.
– Yüksək bal toplayan tələbələrin Ali məktəb seçimi barədə nə deyə bilərsiniz?
– Maraqlı sualdır. Birinci ixtisas qrupuna diqqət edək. Bu qrup üzrə 600 bal toplamış 488 nəfər abituriyentin 193 nəfəri Bakı Ali Neft Məktəbini, 126 nəfəri Azərbaycan Dövlət Neft Akademiyasını, 90 nəfəri Qafqaz Universitetini, 62 nəfəri Bakı Dövlət Universitetini, 4 nəfəri Azərbaycan Texniki Universitetini, 3 nəfəri Memarlıq və Inşaat Univeristetini seçib. Diqqət edin, BDU-da vaxtilə yüksək səviyyəli mütəxəssislər hazırlayan mexanika-riyaziyyat, fizika, tətbiqi riyaziyyat kimi ixtisasları yüksək bal toplayanların cəmi 62 nəfəri seçib. Bu göstərici Qafqaz Universitetindən də aşağıdır. 4-cü ixtisas qrupu üzrə 600 bal toplamış abituriyentlərin cəmi 3-ü Bakı Dövlət Universitetini seçib. Halbuki vaxtilə kimya və biologiya ixtisasları üzrə əsas kadr hazırlığı BDU-da aparılırdı. Neft Akademiyasına gəldikdə isə 600 baldan yuxarı nəticə göstərənlərin tam əksəriyyəti Bakı Ali Neft məktəbinə daxil ola bilməyənlərdir. Bakı Ali Neft məktəbində keçid balı 650 bal olub.
– Sizcə BDU və ADNA-nın düşdüyü durum nə ilə bağlıdır?
– Məncə, Təhsil nazirliyi bu ali məktəblərdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər aparmalıdır. Başqa sözlə, akkreditasiya prosesinə təkan verilməlidir. Hesab edirəm ki, bu ali məktəblərin rektorları 15 il müdətində islahat apara bilməyiblərsə, bundan sonra onların nəyisə müsbətə doğru dəyişməsinə inanmaq sadəlövlük olardı. Ən pisi odur ki, bu şəxslər vaxtilə böyük nüfuzu olan bu iki nəhəng ali məktəbi xeyli nüfuzdan sala biliblər. Bu öncə onların şəxsi ambisiyaları hesabına baş verib. Dünyanın inkişaf etmiş ölkələrində yeni yaradılmış universitetlərin reytinq baxımından köhnələri ötməsi qeyri-mümkündür. Bizdə isə yeni yaranmış universitetlər (Bakı Ali Neft məktəbi, Azərbaycan Diplomatiya Akademiyası, Qafqaz universiteti) köhnələri artıq ötə biliblər. Məncə, yenilərin əsas uğurları öncə təhsil prosesinin yenilənməsi, müasir tələblərə cavab verən idarəetmənin tətbiqi, rektor mədəniyyəti və verilən təhsilin keyfiyyəti ilə sıx surətdə bağlıdır. Vaxtilə tanınmış ictimai-siyasi xadimlər, böyük alimlər, pedaqoqlar və mühəndislər yetişdirən Bakı Dövlət Universiteti və Neft Akademiyası alimlik bir yana qalsın, indi heç normal müəllim, hüquqşünas, mühəndis yetişdirə bilmirlər.
– Informasiya-kommunikasiya texnologiyaları üzrə mütəxəssis, 2008-ci ilə qədər Tələbə Qəbulu Komissiyasında imtahanın təşkili sektorunun müdiri olmuş Fərman Abdullayev bu yaxınlarda balların saxtalaşdırılmasının mümkünlüyü iddiası ilə çıxış etmişdi. Bu məsələyə münasibətiniz necədir?
– Bir məsələni qeyd edim. TQDK bəlkə də yeganə qurumlardan biridir ki, tənqidə açıqdır. Yəni bu qurum istənilən tənqidi və ortaya çıxan sualı dərhal cavablandırır. Bizim müşahidələrimiz bunu göstərir. Bu qurumun işini qiymətləndirmək üçün heç sosioloji tədqiqatlara, monitorinqlərə ehtiyac yoxdur. Abituriyentlər və valideynlərin rəyləri və davranışları qiymətləndirmə üçün kifayətdir. Fərman Abdullayev qeyd edir ki, TQDK-nın bir nümayəndəsi elə edə bilər ki, 120 bal toplayan abituriyentin ekrandakı adının qarşısında məsələn, 420 bal yazılsın. Bu absurd iddiadır. Bu gün imtahan vermiş şəxs bir neçə saatdan sonra topladığı balı bilirsə, bundan böyük şəffaflıq ola bilərmi? TQDK-nın saytında hər bir abituriyentin nəticələri dərhal yerləşdirilir. Başqa sözlə, sistem çevikdir və yüksək şəffaflıq mühiti yaradır ki, bu da birbaşa bu qurumun rəhbərliyinin iradəsini əks etdirir. Gəlin Fərman müəllimin dediklərinin əksini düşünək. Kimsə 641 bal toplayıbsa, TQDK bu balı 146 bal edə bilərmi? Bu mümkün olan iş deyil axı. Əsas məsələ balların dərhal açıqlanmasıdır, seçimə isə mütləq vaxt verilməlidir. Bu gün cəmiyyəti TQDK-nın tələbə qəbulunda hansı proqramı tətbiq etməsi maraqlandırmır. Maraqlı olan bu qurumdakı şəffaflıq və çevikliklə yanaşı, testlərin tərtibatı prosesində məktəb proqramından və dərsliklərdən kənara çıxılmamsı və ümumən orta ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin nəzərə alınmasıdır. Qeyd etdiyim bu kriteriyalar üzrə 10 illərdir ki, TQDK-nın keçirdiyi imtahanlar cəmiyyətdə bu quruma qarşı böyük inam yaradıb. Yekun və fənnlər üzrə ballarını elə imtahan günü bilən abituriyentə qarşı hansı saxtakarlıq ola bilər? Məncə, Fərman Abdullayevin TQDK-ya ittihamları xeyli dərəcədə bu qurumla bağlı Fəzail Ağamalının qərəzli ittihamlarına bənzəyir.
Ramin DEKO