“Bu məsələ Səhiyyə Nazirliyinin diqqətindədir və araşdırma aparılır”. Bu sözləri “Azadlıq”a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Topçubaş adına Elmi-Cərrahiyə Institutunun keçmiş mühafizəçilərinin müraciətinə münasibət bildirərkən deyib.
Xatırladaq ki, keçmiş mühafizəçilər Ramil Şükürov, Rövşən Səfərli, Orxan Cəfərov, Nicat Şirinov, Zakir Həsənov, Qabil Isayev və Rəşad Mahmudov ölkə başçısı Ilham Əliyevə və ölkə KIV-lərinə müraciətində institutunun baş həkimi Yusif Əliyevin ünvanına bir sıra ittihamlar səsləndiriblər.
Şikayətçilərin sözlərinə görə, baş həkim onların üç aylıq əmək maaşını vermir. Onlar həmçinin bildirib ki, xəstəxanada baş verən özbaşınalıq dözülməz həddə çatıb. Mühafizə xidməti əməkdaşlarının sözlərinə görə, xəstəxananın Təsərrüfat Şöbəsində cəmi beş nəfər işçi olmasına baxmayaraq, əllidən çox adam oradan maaş alır.
Zərərçəkənlər bildirir ki, xəstəxanada həkimlərə məcburi kitablar da satılır. Bu kitabların qiyməti isə heç də ucuz deyil.
Səfayə Əhmədova bildirib ki, institutun həmin mühafizəçilərlə heç bir müqaviləsi olmayıb. “Müqavilə mühafizə şirkətilə bağlanıb. Bu adamlar da həmin şirkət vasitəsilə gəlib işləyiblər. Lakin sonradan onların bəzi qanunsuz əməlləri üzə çıxıb və müqavilə pozulub. Şirkətin rəhbərliyi heç bir söz demir. Və artıq bu adamların o şirkətəyə də aidiyyəti yoxdur. Qaldı ki, onların ittihamlara, bunlar araşdıralacaq. Digər tərəfdən kim həmin xəstəxanada hansısa problemlə üzləşibsə, Səhiyyə Nazirliyinin qaynar xəttinə müraciət edə bilər”.