Hərbi dəniz donanması NATO standartlarına cavab vermir
Azərbaycana qarşı təhlükədən söhbət gedəndə Xəzər dənizin adı da çəkilir. Belə ki, Azərbaycanın Xəzəryanı sərhədləri var və su məkanında da güclü dövlətlərlə üz-üzə dayanıb. Ona görə ekspertlər hesab edir ki, Azərbaycanın Xəzər dənizində güclü donanması olmalı, su sərhədlərimiz gücləndirilməli və istənilən hücuma cavab vermək iqtidarında olmalıdır.
Ancaq, ekspertlər o qənaətdədilər ki, Azərbaycan Xəzərdə güclənmək məsələsində gecikir və bu istiqamətdə məqsədyönlü addımlar atılmır. Ancaq qonşu Rusiya Xəzərdə hərbi qüdrətini artırmağa davam edir, ordu yeni silahlarla təchiz edilir.
Bugünlərdə NATO-nun baş katibi Anders Foq Rasmussen də çıxışı zamanı bildirdi ki, Rusiyanın Ukraynaya təcavüzündən sonra NATO ölkələri silahlı qüvvələrə investisiyaları artırmalı və birgə əməkdaşlıq etməlidir. Azərbaycan da NATO ilə əməkdaşlıq edir və “Şərq Tərəfdaşlığı” proqramına daxil olan ölkələr sırasındadır. Deməli, Azərbaycan da hər an gözlənilən təhlükədən sığortalanmaq üçün NATO standartlarına uyğun hərbi donanma yaratmalıdır.
Ötən gün Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci ildönümü qeyd edilib. Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev mətbuata açıqlamasında bildirib ki, Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Elçin Quliyev daha çox gələcək zamanda danışıb: “Zavodun imkanları hesabına sərhəd gözətçi gəmiləri yenilənəcək, sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənəcək və nəticə etibarı ilə dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsinin səviyyəsi daha da yüksələcək”.
Göründüyü kimi hələ zavod tikilməyib, gözətçi gəmilər yenilənməyib, infrastrukturun təhlükəsizliyi lazımi şəkildə təmin edilməyib. Yəni bu gün Azərbaycan Xəzər dənizində gücə sahib deyil və qonşu güclərlə üz-üzə gəlməyə hazır deyil.
Ona görə də yaxşı olar ki, gələcək zamanda danışmaqdan imtina edib, əməli fəaliyyətə keçilsin və Xəzər dənizində Azərbaycanın mövqeləri gücləndirilsin.
Akif