“Azadlıq” radiosunun saytında Imişli kəndlərindən birində – Qaradonluda kənd xəstəxanasının acınacaqlı vəziyyətilə bağlı reportaj oxudum, diqqətimi reportajdakı bir məqam çəkdi: “Imişlidə ilk tibb müəssisələri 1913-cü ildə Çaxırlı kəndində baş verən vəba xəstəliyi ilə əlaqədar yaradılıb. Həmin vaxt çar Rusiyası bura Zelinski soyadlı bir həkim göndərib. O, bir müddət Qaradonluda yaşayıb və camaata sədaqətlə xidmət edib. Ona tapşırıblarmış ki, yerində vəziyyəti öyrənib dəqiqləşdirsin, əgər epidemiya barədə deyilənlər təsdiqlənərsə, Mərkəzə bu məzmunda teleqram vursun: ”Qaratikan çiçək açıb”. Teleqram vurulub və hökumət hərəkətə keçib. Qısa müddətdə Qaradonluda taun əleyhinə stansiya və kiçik xəstəxana açılıb”.
Bu faktı belə diqqətə layiq edən nədir?
Təsəvvür edirsinizmi, aradan 100 il keçib və indi həmin bu Imişlidə, Qaradonlu kənd xəstəxanasındakı gerçək mənzərəyə baxın.
Baş həkimdən sitat: “Vizual baxış və müsahibə əsasında xəstələrə diaqnoz qoyulur və müalicə təyin edilir”.
XXI əsr Azərbaycanında, yaptokratların iddia etdiyinə görə, sürətli, analoqsuz inkişaf edən bir ölkədə səhiyyənin vəziyyətinə baxın: kənardan xəstəyə baxıb, ondan harasının ağrıdığını, tutaq ki, başının gicəllənib-gicəllənmədiyini, ürəyinin bulanıb-bulanmadığını soruşub diaqnoz qoyur və müalicə edirlər. Burada “diaqnoz” və “müalicə” sözləri necə də gülməli səslənir.
Yenə baş həkimdən sitat: “Adı ”xəstəxana” olsa da, burada stasionar müalicə almaq imkanı yoxdur”.
Bu isə “xəstəxana”nın həkimlərindən birinin dediklərindən çıxarışdır: “Indi bu xəstəxanada müasir təbabətdə istifadə edilən əşya və avadanlıqların heç biri yoxdur. Həkimlərin ”silahı” fonendoskop və təzyiqölçən cihazlardan ibarətdir. Balaca laboratoriyamız var, orada da cüzi qan analizi aparmaq olur”.
Əslində, bütün ölkə üzrə üç aşağı, beş yuxarı eyni vəziyyətdir. Indi bizdə kənd xəstəxanaları barədə ancaq keçmiş zamanda danışmaq olar. Onların adları var, özləri yoxdur. Lap “analoqsuz inkişaf”ın özü kimi. Bu haqda çoxları danışır, ancaq üzünü görən behiştlikdir. Ölkəyə dədə malı kimi yiyələnən üç-beş faizin gündən-günə artan sərvətindən, var-dövlətindən başqa hardadır o “analoqsuz inkişaf”? Cavabı kimdənsə gözləməyə dəyməz. Elə ətrafımıza, real həyatımıza göz atsaq, kifayətdir.
Bizim avam müsəlmanlar isə həmişə fəxrlə belə fikirləşiblər ki, Nikolayı onların allahı yıxıb. Buyursunlar, indi həmin Nikolayın bir əsr öncə taun əleyhinə stansiya, xəstəxana açdığı kəndlərdə camaat türkəçarələrin, falçıların ümidinə qalıb, indi oralarda xəstədən harasının ağrıdığını soruşmaqla diaqnoz qoyub müalicə yazırlar. Əslində, ağlamaq lazımdır bu halımıza, ancaq mən ölkəni ağuşuna alan korrupsiyaya, yağmaçılığa səssiz, təpkisiz qalan, məmləkəti ac qurd kimi içindən gəmirib yeyən, onu təhsilsiz, səhiyyəsiz, ədalətsiz günlərə gətirib çıxaran talana, sümürücülüyə “oğurlasınlar, amma iş də görsünlər” deyə haqq qazandırmağa çalışan müti çoxluğa baxıb bu halımıza gülürəm. Həm də qəhqəhə çəkərək.
Qoy həmin çoxluq öz ictimai laqeydliklərinin, siyasiləşməkdən, sosiallaşmaqdan qorxan, vətəndaş borcunu sadəcə, oğul evləndirib qız köçürməklə bitmiş sayan kimliklərinin bu gözəlim ölkəni hansı dəhşətli, ağır vəziyyətə saldığını, çağın nə qədər gerisinə atdığını görsünlər. Bugünkü xəstəhal Azərbaycan, dərdi bəlli olsa da dərmanı tapılmayan, artıq ilbəil, aybaay, günbəgün deyil, anbaan saralıb-solan, yarımcan düşən Azərbaycan, dərdlərinə, ağrılarına, yaralarına şəfa axtaran işıqlı adamları zindanlarda çürüdülən, didərgin salınan Azərbaycan həm də onların “əsər”idir.
Onlar yaratdıqları bu “əsər”lə nə qədər qürur duysalar azdır.
Başqa nə deyim?!