ADP sədri indi də AXCP üzrə ixtisaslaşıb
Qətiyyən narahat olmaq lazım deyil. Dünya aydınlaşmağa doğru gedir. Bu aydınlaşma Azərbaycandakı qaranlıqlara da mütləq işıq salacaq. Aydınlaşma yalnız ona görə sevindirici deyil ki, hakimiyyətin maskası cırılır, həm də ona görə sevindiricidir ki, psevdomüxalifət də “lüt” qalmağa məhkum olur.
Bildiyiniz kimi, ölkədə Sərdar Cəlaloğlu adlı siyasətçi var və bu adam ADP-nin sədridir. Deyilənə görə, ADP müxalifətdə olan partiyadır. Ancaq Sərdar Cəlaloğlu elə “performans”lar göstərir ki, iqtidardakılar da təəccüblənir.
Belə ki, Sərdar Cəlaloğlu qərara gəlib ki, “Azadlıq” radiosunun Azərbaycan bürosu ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyi və ABŞ Konqresinə etiraz məktubu göndərsin. O bildirib ki, şikayətinə səbəb, “Azadlıq” radiosunun uzun illərdi birtərəfli qaydada, AXCP-ni və onun sədri Əli Kərimlini müdafiə etməsi və bunun müqabilində bütün demokratik müxalifətin nümayəndələrinin fəaliyyətinə kölgə salmasıdır.
Həqiqətən də analoqu olmayan yanaşmadır. Görünür, Sərdar Cəlaloğlu “analoqsuzluq” məsələsində hakimiyyətə “rəqib” olmağa çalışır.
Əvvəla qeyd edək ki, “Azadlıq” radiosunun AXCP-nin müdafiəsi ilə məşğul olmasını iddia etmək, siqaret çəkməyən gənci narkotikada ittiham etmək qədər böhtandır. “Azadlıq” radiosu hər kəsə efir imkanı yaradır və radionun əməkdaşları məqam gələndə AXCP-ni də tənqid edir.
Digər tərəfdən, Sərdar Cəlaloğlu hansı prinsipial mövqeyinə görə demokratrik müxalifətin nümayəndələri sırasına salınmalıdır?
Biz Sərdar Cəlaloğlunun dilindən Ilham Əliyevin siyasətini tənqid edən hər hansı bir fikir eşitməmişik. Sərdar Cəlaloğlu son dövrlər Səməd Vurğunun tənqidi, Quranın təfsiri, Enşteynin nəzəriyyəsində səhv tutması ilə yadda qalıb. Yəqin indi də AXCP üzrə ixtisaslaşıb və cəbhənin fəaliyyətini analiz etməklə məşğuldu. Internetdə axtarış verəndə də “Sərdar Cəlaloğlu müxalifəti tənqid etdi”, “Sərdar Cəlaloğlu ziyalıları tənqid etdi”, “Sərdar Cəlaloğlu Milli Şuranı tənqid etdi” başlıqlı xəbərlərlə rastlaşırıq. Yəni “Sərdar Cəlaloğlu Ilham Əliyevi tənqid etdi” başlıqlı yazıya rast gəlinmir.
Qayıdaq Sərdar bəyin şikayətinə. Özünü müxalifət lideri adlandıran şəxs, hakimiyyətə qarşı ən prinsipial mövqe nümayiş etdirən bir partiyaya münasibətinə görə ən müstəqil radiodan ABŞ-a şikayət etmək istəyir.
Görəsən, Sərdar Cəlaloğlu ölkədəki son repressiyalara görə də ABŞ-a etiraz məktubu göndəribmi? Yaxud, müxalifətə də efir verməli olan ITV haqqında beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıbmı?
Ümumiyyətlə, bugün Azərbaycan cəmiyyəti hansı fəaliyyətinə görə Sərdar Cəlaloğluna qucaq açmalıdır. Sərdar Cəlaloğlunun prezident seçkilərində və seçkilərdən sonrakı dövrdə fəaliyyəti hamıya bəllidir.
Ötən prezident seçkilərində Sərdar Cəlaloğluna 0.63 faiz səs yazmışdılar. Bu isə, namizədlik üçün toplanmış imzadan 2.5 dəfə az idi. Bütün bunlara baxmayaraq Sərdar Cəlaloğlu seçkini tanıdı və Ilham Əliyevin prezidentliyinin qeyri-legitim olması haqqında bir kəlmə də demədi.
Yəni Sərdar Cəlaloğlunun müxalifətçiliyi heç bir parametr üzrə AXCP ilə müqayisə oluna bilməz.
Amma Sərdar bəy AXCP-yə qarşı o qədər acıqlıdır ki, qorxuruq AXCP-dən istefa verib, YAP-a keçsin.
Bəlkə də “Azadlıq” radiosundan AXCP-yə görə ABŞ-a şikayət etmək müxalifətçiliyin yeni üsuludur və Sərdar bəy bu tapıntını bizimlə bölüşmək istəmir. Hesab edirik ki, Sərdar Cəlaloğlu AXCP-yə qarşı olan hikkəsini YAP hakimiyyətinə qarşı yönəltsəydi, daha uyğun olardı. Hətta, Səməd Vurğuna qarşı apardığı qətiyyətli mübarizə qədər hakimiyyətlə mübarizə aparsaydı, müxalifətçi lider adını qazana bilərdi.
Nə etmək olar. Yazacağı “donos”da Sərdar bəyə uğurlar arzulayırıq. Amma bir daha xatırladırıq ki, demokratik müxalifətin nümayəndəsi olmaq üçün ilk növbədə müxalifətdə olmaq lazımdır.
Akif
P.S. Sərdar Cəlaloğlu “Totalitarizmin metomarfozası” əsərini yazanda düşünmüşdüm ki, bu adam çevrilmələrə qarşıdır. Amma görünür, Sərdar bəyin özündə də çevrilmə gedir.