Şəxsi heyətin mənəvi-psixoloji durumu və məişət şəraiti ilə tanış olmaq üçün
«Qısa araşdırma apardıqdan sonra buradakı insan hüquqlarının necə kobud şəkildə pozulmasının şahidi olacaqsınız»
Tanınmış jurnalist, hərbi ekspert Üzeyir Cəfərov “Facebook” səhifəsində Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələri (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) cəbhə bölgəsində yerləşən hərbi hissələrindən birində baş verən xoşagəlməz hadisələr haqqında məlumat paylaşıb.
“Müdafiə Nazirliyinin, eləcə də HHQ və HHMQ-nın komandanı general-leytenant Ramiz Tahirovun başı Bakıdakı başqa ”vacib” işlərinə qarışdığından, müraciəti ictimailəşdirməyə qərar verdim. Diqqətinizə çatdıracağım faktlara görə məsuliyyət adı çəkilən hərbi hissənin zabitlərinin, gizirlərinin üzərinə düşür.
Onu da gözəl bilirəm ki, günü sabah, MN öz “hazırcavab Mətbuat Xidməti” vasitəsilə yazılanları təkzib etməyə cəhd göstərəcək. Qoy olsun, amma yazılanların tam əksəriyyətinin doğru olmasına qətiyyən şübhəm yoxdur. Ona görə də əlaqədar qurumlardan xahiş edirəm ki, zabitlərin müraciətinə elə-belə, adi kağız parçası kimi baxmasınlar. Hər şeyi dərindən araşdırsınlar, sonra ictimaiyyətə məlumat versinlər.
Maraqlı cəhətlərdən biri də odur ki, bu müraciət Azərbaycan Respublikasının Insan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN) Elmira xanım Süleymanovaya da ünvanlanıb”, – Üzeyir Cəfərov qeyd edib.
Hərbi ekspert yazıb ki, Elmira Süleymanovadan xahiş edir ki, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qoşunlarının da cəbhə bölgəsi sayılan Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissənin şəxsi heyətinin mənəvi-psixoloji durumu və məişət şəraiti ilə tanış olsun: “Siz qısa araşdırma apardıqdan sonra özünüz də buradakı insan hüquqlarının necə kobud şəkildə pozulmasının şahidi olacaqsınız. Müdafiə Nazirliyi ”müddətdən artıq həqiqi hərbi xidmət arzusunda olan hərbi vəzifəlilər hərbi xidmət keçmək istədikləri hərbi hissələrin komandanlığına müraciət edə bilərlər” dedi və əmr hərbi hissəyə daxil oldu. O gündən başlayaraq Ağcəbədidə yaşayan insanlar müraciət etdilər və onlardan qane edəcək məbləği müəyyən adamlar vasitəsi ilə hərbi hissə komandirinə çatdıran adamlar işə qəbul olundu və hələ də qəbul olmaqda davam edir.
Qəbul olunan müddətdən artıq xidmət edən hərbi qulluqçulara hərbi hissə komandiri heç bir qanuna uyğun olmayaraq Nəzarət-Buraxılış Məntəqəsindən 150 metr və ondan da çox əraziləri süpürtdürür, zibilləri təmizlətdirir, mülki mağazanın qarşısına tökülmüş mağazanın zibilləri, yaxındakı ərzaidə yaşayan vətəndaşların həyət qapılarının qarşısındakı zibilləri atdırır. Daxili xidmətdə isə müddətdən artıq xidmət edən hərbi qulluqçulara fəhlə əvəzinə sutkanın istənilən vaxtı bütün işlər gördürülür. Bundan əlavə, Müdafiə Nazirliyindən gələn müvafiq əmrə əsasən günvurmadan qorunma tədbirləri görülmədən müddətdən artıq xidmət edən hərbi qulluqçular günəş altında qul kimi istismar olunur. Hərbi hissə komandirinə etiraz edən müddətdən artıq xidmət edən hərbi qulluqçuları hərbi hissə komandiri işdən qovmaqla hədələyir.
Analoji hadisə zabit və gizirlərdə də özünü göstərir. Belə ki, düzülüş zamanı günvurmanın ən ehtimal olunan vaxtlarında uzun müddət keçirilir (14:00-16:00). Bundan sonra isə şəxsi heyət isti olmağına baxmayaraq kütləvi idman tədbirləri ilə, əsasən də 3000 metr məsafəyə qaçış ilə hər gün məşğul olur. Hərbi hissənin təminatı olmadan, heç bir ehtiyat hissə verilmədən zabit və gizirlərdən onların tabeçiliyində olan texnikaların hərbi qulluqçunun öz vəsaiti hesabına təmir etdirilir. Zabit və gizirlərdən kazarmaların təmir olunması, tikinti işlərinin davam etdirilməsi, təmir-bərpa işlərinin aparılması tələb olunur. Əşya kisələri və zabit çantaları, eləcə də onların içərisində yerləşən ləvazimatlar zabitlərdən öz vəsaiti hesabına alınması tələb olunur. Zabit və gizirlər, eləcə də müddətdən artıq xidmət edən hərbi qulluqçular öz hesablarına geyim almağa məcbur edilir. Dərs saatı və qeyri-dərs saatlarında zabit və gizirlərin daim belində zabit çantasının olması əmr edilir.
Zabit və gizirlərin 2014-cü il üçün məzuniyyətə planlaşdırılmış vaxtda getmələri təmin edilmir. Kefi kimi istəyir göndərir, kimi istəmirsə, göndərmir. Hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günləri, iş günü hesab edilməyən bayram günləri, illik məzuniyyətlər və başqa ödənişli məzuniyyətlər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün kündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir”.
Məsələylə bağlı Müdafiə Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmadı. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.