Son günlər baş verən həbslərlə özləri siyasi məhbusa çevrilən tanınmış hüquq müdafiəçiləri Leyla Yunus və Rəsul Cəfərovun birgə tərtib etdiyi siyasi məhbuslar siyahısı mətbuata açıqlanıb. Siyahının hazırlanmasında başqa hüquq müdafiə təşkilatları, ekspertlər, hüquqşünaslar da iştirak edib. Leyla Yunus və Rəsul Cəfərovun imzaladığı siyahı ictimai dəstək qazanmaqdadır.
Avqustun 9-da REAL Hərəkatı bəyanat yayaraq, siyahıya dəstəyini bildirib. REAL təqibləri pisləyib, siyasi məhbusların azad edilməsinə çağırış edib. Müsavat başqanı Isa Qəmbər isə avqustun 10-da öz “Facebook” səhifəsində siyahıya dəstək ifadə edib: “Leyla Yunus və Rəsul Cəfərovun birgə təşəbbüsü ilə siyasi məhbusların vahid siyahısının hazırlanmasını və cəmiyyətə təqdim edilməsini müsbət dəyərləndirirəm. Belə bir addıma çoxdan ehtiyac vardı. Müsavat partiyasının belə bir siyahıya yanaşma meyarları kifayət qədər sadədir. Iki əsas prinsip var:
a) siyasi məhbus olan heç bir şəxs siyahıdan kənarda qalmamalıdır,
b) siyasi məhbus olmayan heç bir şəxs bu siyahıda olmamalıdır.
Məncə, bu siyahı dediyim meyarlara əsasən cavab verir. Əlbəttə, son günlər həbs edilən günahsız insanlar da bu siyahıya əlavə ediləcək. Yəqin ki, Müsavat partiyası Tərtər rayon təşkilatının sədr müavini Xaqani Məmməd də yaddan çıxmayacaq!”.
Müsavat başqanı siyasi məhbusların azad olunmasını tələb edib.