Ölkədə turizm sahəsində qiymətlər həddindən artıq baha, xidmətin keyfiyyəti isə çox aşağıdır
Mədəniyyət və Turizm Nazirliyi bir müddət əvvəl yaydığı məlumatda son beş ildə xaricdə istirahətə üz tutan azərbaycanlıların xərcinin 8 dəfə artdığını bildirmişdi. Məlumata görə, xaricdə soydaşlarımızın rəsmi turizm xərcləri 3 milyard dollar olub. Bu, hələ rəsmi qeydiyyata alınan rəqəmdir. Əslində isə bu xərcin bir neçə dəfə çox olduğunu demək olar. Bu müddətdə xarici turistlər Azərbaycanda 2,4 milyard dollar xərcləyib, onun 37 faizini ölkəyə işgüzar səfər zamanı çəkilən xərclər təşkil edib. Nəticədə turizm xidmətlərinin mənfi saldosu yarım milyon dollara çatıb.
Azərbaycanlıların əsas üz tutduğu ölkələr Gürcüstan və Türkiyə, daha sonra isə Rusiya, Ukrayna və Birləşmiş Ərəb Əmirlikləridir.
Xatırladaq ki, ölkə daxilində istirahət etmək üçün “2008-2016-cı illər turizmin inkişafına dair dövlət proqramı” çərçivəsində milyardlarla dövlət vəsaiti xərclənib və böyük infrastruktur layihələr həyata keçirilib. Azərbaycanda istirahət mərkəzlərinin artan sayına rəğmən, vətəndaşlarımız hələ də istirahət etmək üçün xarici ölkələrə üz tutur.
Iqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, xaricdə xidmətin keyfiyyəti məsələsi Azərbaycanın turizm obyektlərindən qat-qat yüksək səviyyədədir. Qiymət də daha münasibdir.
Ekspert ölkəmizdə turizm anlayışının çox primitiv şəkildə inkişaf etdiyini vurğulayaraq, turizmin əsasən yaxşı, bahalı otel və yaxşı yeməklə müqayisə olunduğunu bildirir: “Xaricə gedən turistlərin böyük əksəriyyəti isə mədəniyyət, tarixi obyektləri görmək, ucuz alış-veriş etmək istəyir. Bizdə belə bir şərait yoxdur. Azərbaycandan gedən turistlərin də əsas məqsədi xaricdə burda xərcləyəcəyi vəsaitdən daha az vəsait xərcləmək və keyfiyyətli xidmət almaqdır. Həm də oranın tarixi şəhərləri və obyektlərini görürlər. Bakı ilə müqayisədə yaxın Türkiyədə geyim əşyaları bir neçə dəfə ucuzdur. Bu kimi faktorlar azərbaycanlı turistləri xaricdə istirahətə vadar edir”.
Sosial şöbə