Rəsmi Moskva Ukrayna aviaşirkətlərinin Rusiya ərazisindən istifadə etməklə bir sıra ölkələrə tranzit reyslərini qadağan edib. “RİA Novosti”nin yaydığı məlumata görə, bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev açıqlama verib.
“Rusiya Ukrayna aviaşirkətlərinin Rusiya Federasiyası hava məkanı vasitəsilə Gürcüstan, Azərbaycan, Ermənistan və Türkiyəyə tranzit reyslərini dayandırır”, – deyə o, hökumətin iclasında bildirib.
***
“Avropa Birliyinin Rusiyaya sanksiyalar tətbiq etməsinin Azərbaycan Hava Yollarındakı uçuşlara hər hansı təsiri olmayacaq”. Bunu Modern.az saytına açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bildirib.
Onun sözlərinə görə, Avropa Birliyinin Rusiya aviaşirkətlərinin təyyarələrinin Avropa üzərindən uçuşlarını qadağan etməsi Azərbaycandakı uçuş qiymətlərinə, uçuş saatlarının uzun və ya qısa olmasına hər hansı təsir göstərməyəcək.
Qeyd edək ki, Rusiya Avropa aviaşirkətlərinin Sibir üzərindən uçuşlarına qadağa qoyacağı təqdirdə Avropa Birliyi də Rusiya aviaşirkətlərinin təyyarələrinin Avropa üzərindən uçuşlarını qadağan edəcək. Bu barədə Avropa Komissiyasının Almaniyadakı rəsmi nümayəndəsi Rihard Künel məlumat verib.