Şərlənərək həbsə atılan cəbhəçi gənc Cabbar Savalanlının məhkəmə ifadəsini oxudunuzmu? Deyir ki, evə gələndə onu blokun ağzında tutub maşına oturdublar, polisə aparıblar, orada cibini yoxlayıblar və… cibindən tiryək tapılıb.
“Azadlıq” qəzetinin müxbiri Aqil Xəlili də şərləyəndə oxşar uydurma vermişdi istintaq orqanları. Guya, istinqatın aləti, Aqilə qarşı istifadə olunan Strekalin dindirmə üçün MTN-ə çağırılıb və orada üstündə axtarış aparılanda cibindən narkotik çıxıb.
Adam qərar verməyə tərrəddüd edir; hüquq-mühafizə orqanlarında bu şərləmə işi görənlərin ağlı bunca dayazdır, yoxsa onlar rejimi biabır etmək üçün işi belə naşı və gülünc görürlər?
Gəlin düşünək, narkotik istifadəçisi hansı halda cibində “mal” polisə, MTN-ə gedər?Bir: Başı kifayət qədər xarab olanda;Iki: Polis və MTN-də işləyəndə;Üç: Atası və ya dayısı polis və MTN-ni saymayacaq qədər “iribuynuzlu” məmur olanda;
Dörd: Polis və MTN əməkdaşlarına narkotik satanda…
Başqa variant ağlınıza gəlsə, mənə də xəbər edərsiniz.Cabbara gəlincə, o, tər-təmiz əqidəli bir gəncdir. Onun cibinə tiryək atanlar həm də öz vicdanlarını tarix qarşısında kirlətmiş məxluqlardı.Cabbar həbsdən çıxacaq, 2-3 illik həbslə bu cür adamlara heç nə etmək mümkün deyil. Ancaq onu günahsız yerə zindana göndərənlərin hamısı Cabbar adı eşidəndə min dəfə ölüb-diriləcəklər. Cabbar adı onların başının üstündə həmişə lənət kimi dolaşacaq. Və onlar əmin olsunlar ki, Cabbarların cavabı da olacaq bir gün…
ƏsəbBitkiləri və bəzi ibtidai heyvanları çıxmaqla, sinir sistemi bütün canlılarda var.
Buna görə də əsəbiləşmək təbii haldır. Ancaq bizim ölkənin özəlliyi ondadır ki, əsəb hüceyrələrimizi adi şeylərdən ötəri öldürürük. Çünki lap adi şeylərin problemə çevrildiyi ölkədə yaşayırıq. Tutaq ki, adamın 800-900 min manatlıq biznes layihəsi üçün yazı-pozu, sənədləşmə işinə əsəb xərcləməsini normal qarşılamaq olar. Ancaq məsələn, adi bir “JEK”dən “dılğır” bir arayış almaq üçün infarkt həddinə çatmağa nə deyirsiniz? Mən “dəhşət” deyirəm, “vəhşilik”, “bezpredel” deyirəm.
Azərbaycandakı inzibati orqanları həmişə pis bir yoluxucu xəstəlik təsəvvür etmişəm. Özümə təlqin etmişəm ki, “Natiq, bacardığın qədər bunlardan uzaq ol”. Ancaq olmur, ildə bir dəfə də olsa, yolum o tərəflərdən keçir.
Iki gündür müxtəlif məsələlərlə bağlı dövlət orqanlarının qapılarını döyürəm. Ilahi, bu qapıların arxasında nə qədər balaca-balaca Ilham Əliyevlər var. Balaca Ilham Əliyevlər çox qaşqabaqlıdırlar, qanları acıdır, adamla danışmaq istəmirlər. Onlar bir halda xoşqılıq və həmsöhbət ola bilirlər: Sizdən rüşvət almaq şanslarını yüksək görürlərsə, yaxud siz əlinizdə pul, məzlumca onlara dil tökürsünüzsə.
Bu adamlar hələ də qulluqçu olduqlarını anlamayıblar. Bu adamlar hələ də vətəndaşlara rəiyyət, kölə kimi baxırlar. Buna görə də, elə ki, onlara “qanunla filan şey filandır” deyirsən, dəli olurlar, elə bil cinə dəmir göstərdin. Necə yəni qanunla?! Qanun nədir?! Ümumiyyətlə, sən kimsən qanuna istinad edirsən?!
Onların hirs-hikkəsinin açıqlaması məhz belədir.Yazdıqlarıma reaksiya kimi, “Səni də ora qoysalar, elə olacaqsan” arqumentini ortaya qoyacaqsınızsa, o zaman mən də soruşuram: bəs, bizi min dillə dindirən özəl xidmət şirkətlərinin işçiləri kimlərdir? Onlar da bu ölkədə doğulmayıblar, onlar da bu ölkədə təhsil almayıblarmı?