Bu dəfə Əli Kərimli həqiqəti deməkdə ittiham olunur
Azərbaycanın və azərbaycanlıların problemlərindən imtina etmiş “Azərbaycan” qəzeti yenə də AXCP sədri Əli Kərimlini hədəf seçib. Amma yenə də qaş düzəltdikləri yerdə vurub göz çıxarıblar.
Budəfəki məqalədə AXC dövründəki nöqsanlara toxunulur və həmin dövrdə keçirilmiş müşavirələrdə bu nöqsanların etiraf edilməsi göstərilir. Bu hakimiyyətin tənqidə, fərqli fikrə münasibəti o qədər absurddur ki, özündən əvvəlki hakimiyyəti açıq etirafa görə ittiham edir.
Əslində, həmin dövrdə dövlət katibi işləmiş Əli Kərimlinin təmsil olunduğu hakimiyyətin mənfi tərəflərini etiraf etməsi, bu hakimiyyətin demokratik və şəffaf olmasından xəbər verir.
Məqalənin özünüifşa tərəfi həm də ondan ibarətdir ki, AXC hakimiyyəti kriminal, cinayətkar əməllərdə, mətbuatın bərbad vəziyyətində, məmurların özbaşınalığında, ədalətsizlikdə ittiham edilir.
Bildiyimiz qədər AXC dövründə jurnalistin güllələnməsi, akademikin öldürülməsi, generala qarşı sui-qəsd hadisəsi baş verməyib. Yaxud, AXC hakimiyyəti zamanı müxalif fikrin daşıyıcılarının cibinə narkotik atılması, Azərbaycandan gedən yük maşınlarında tonlarla narkotikin aşkarlanması da müşahidə olunmayıb.
Bu gün Azərbaycanın adı korrupsiyada, narkotrafikdə, oğurluqda, insan haqlarının pozulmasında hallanır. Ancaq AXC hökuməti haqqında heç bir beynəlxalq hesabatda mənfi rəy verilməyib.
Bu gün ən xırda məmurdan tutmuş, ölkə başçısına qədər hər kəsin adı korrupsiyada hallanır. Məmur övladlarının özbaşınalığı, harınlığı haqqında mətbuatda geniş yazılar dərc olunur.
Ancaq AXC hakimiyyəti dövründə hansısa məmurun xarici banklarda pul gizlətməsi, hansısa vəzifəli şəxsin villalara sahib olması ilə bağlı faktlar aşkarlanmayıb. Ölkə başçısının nə ofşorlarda milyardları, nə də övladlarının adına holdinqlər, qızıl yataqları olmayıb. Əksinə, Əbülfəz Elçibəy dünyasını dəyişəndə borcu var idi. Təkcə bu fakt kifayət edir ki, “Azərbaycan” qəzetinin korrupsiya, ədalət ittihamları alt-üst olsun.
Daha sonra AXC dövründə ordunun intizamsız olmasından, şəxsi heyətin bərbad vəziyyətindən danışılır.
Bu məqaləni yazan və yazdıranlar yaxşı bilir ki, AXC hakimiyyəti dövründə işğal olunmuş ərazilərin böyük əksəriyyəti azad edilmişdi. YAP hakimiyyəti dövründə isə 6 rayon düşmənə təhvil verildi və 20 ildən artıqdır bu torpaqları geri alacaq “lazım” orduya yaxınlaşa bilmir.
AXC dövründə ölkənin mafioz qüvvələr tərəfindən idarə olunmasına gəlincə, buna da şərh vermək olar.
AXC hakimiyyəti dövründə Azərbaycan məmurlar arasında bölüşdürülməmişdi, iqtisadiyyatın bütün sahələri nazirlərin inhisarında deyildi, sahibkarların başına torba keçirib, şirkətlərini mənimsəmirdilər, vətəndaşların təhlükəsizliyini qorumalı olan qurumlar insan oğurluğu ilə məşğul olmurdu, mandat alveri dəbdə deyildi, insanların yatağına kamera qoymurdular.
Təbii ki, bütün hakimiyyətlər kimi AXC hakimiyyətinin də nöqsanları, tənqid ediləsi tərəfləri var. Həmin dövrdə yüksək vəzifə tutmuş şəxslər də bunu etiraf edirlər. Ancaq 1 illik AXC hakimiyyətini tənqid etməyə 21 illik YAP hakimiyyətinin mənəvi haqqı yoxdur.
21 illik hakimiyyət dövründə adi corab istehsal edə bilməyənlər 1 illik hakimiyyət dövründə dövlətdən 1 corab da oğurlamayanları necə ittiham edə bilər axı?
Bir sözlə, “Azərbaycan” qəzeti bu məqalədə Əli Kərimlini yalançı çıxarmaq istəsə də, özü də bilmədən onun dürüst adam olduğunu sübuta yetirmiş olub. Çünki, Əli Kərimlidən gətirilmiş sitatlardan aydın görünür ki, bu adam yüksək vəzifə tutduğu vaxtlarda da hər şeyi öz adı ilə çağırırmış və özünütənqiddən çəkinmirmiş.
Görünən odur ki, “Azərbaycan” qəzeti bu dəfə də hədəfi nişan ala bilmədi. Məsləhət görərdik ki, “silah” tutmağı yenidən məşq edəsiniz.
Həyat belədir, cənablar. Nə qədər dərin qazsanız da, axırda qazdığınız quyu özünüzə qismət olur.
Akif