Misirli İbrahim əl-Hüseyni Hamaditu stolüstü tennisdə bir ilkə imza atıb. Onu fərqləndirən tennisi əlləri olmadan oynamasıdır.
Hamaditu şikəstdir. Onun hər iki qolu yoxdur. Qollarını kiçik yaşında düşdüyü avtomobil qəzasında itirib. Bununla belə, böyük iradəsi sayəsində stolüstü tennisdə başarılara imza ata bilib.
İbrahim əl-Hüseyn özünü ilk əlil stolüstü tennisçi kimi tanıdır. Sonuncu dəfə 2010-cu ildə Afrika Əlillər Çempionatında ikinci yeri tutub. 1991-ci il Afrika Əlillər Turnirində isə qızıl medal sahibi olub.
Dimyat şəhərindəki gənclik mərkəzində çalışan Hamaditu “Hürriyet” qəzetinin müxbirinə bunları deyir: "Dostlar tennis oynayarkən hakimlik edirdim. Ancaq bir gün oyunçulardan birinin verdiyim qərara etiraz edib dirəniş göstərməsi məni həm də oynamağa sövq etdi. Bu işdə mənə yardım etməyə birini tapmadığım üçün ayaq barmaqlarımı işə salaraq öz-özümə məşq etdim. Topu ayağımla divara atıb, ağzımda tutduğum raketka ilə qarşılayırdım. Uzun müddət bu şəkildə məşq etdim. Çoxlu çətinliklər də gördüm. Xüsusən boynumda dözülməz ağrılar olurdu. Amma bezmədim, israrla məşqlərə davam etdim. Sonra boynum da uyğunlaşdı”.