Samir Əliyev: «Rusiya iqtisadiyyatına sanksiyaların təsiri bu ölkədə çalışan azərbaycanlıların güzaranından yan keçməyəcək»
İyulun 24-də Brüsseldə Avropa Birliyinin (AB) 28 ölkəsinin daimi nümayəndələri komitəsinin iclası keçirilib. Toplantıda Ukrayna böhranı ilə bağlı Rusiyaya yeni sanksiyaların tətbiqi məsələsi müzakirə edilib. Avropalı siyasətçilər sanksiyaların yeni siyahısına Rusiyanın bir sıra fiziki və hüquqi şəxslərinin adını salmağa qərar veriblər. Növbəti sanksiyalara Rusiyanın daha 15 insanı və 18 şirkəti daxil edilib. İqtisadi sanksiyalarla bağlı Avropa Komissiyası bir sıra təkliflər hazırlayıb. Onların arasında Moskvanın AB maliyyəsinə, enerji və sənaye texnologiyalarına çıxışının məhdudlaşdırılması var. Maliyyə sanksiyaları ilə bağlısa mediaya belə məlumatlar sızıb ki, AB dövlətin payı olduğu Rusiya banklarından borc öhdəliklərinin və səhmlərin alışına qadağa qoyulması imkanlarını nəzərdən keçirir.
Rusiyanın belə bir sanksiya ilə üzləşəcəyi təqdirdə Azərbaycana da müəyyən təsirlərin olacağı istisna edilmir.
İqtisadçı Samir Əliyevin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən Rusiya bankları sanksiya tətbiq ediləcək banklar siyahısında yoxdur. S.Əliyev bildirdi ki, hələlik Putinə yaxınlığı ilə seçilən banklar sanksiyalara məruz qalır. Sanksiyaların artıq Rusiya iqtisadiyyatı üçün neqativ təsirlər göstərdiyini deyən S.Əliyev bildirdi ki, hazırda Rusiya münasibətləri normallaşdırmağa çalışır: «Rusiyadan kapital axını getdikcə artmaqdadır. Rusiya iqtisadiyyatına əmanət qoyluşu da azalıb. Artıq xarici vətəndaşlar kimi, rus vətəndaşları da Avropaya yatırım edərək oradan mülk alırlar. Rusiya Azərbaycan kimi neftdən asılı iqtisadiyyata sahibdir. Amma Rusiya iqtisadiyyatında Azərbaycandan fərqli olaraq digər sahələr də nisbətən inkişaf edib. Lakin Rusiyanın çox böyük vəsaitlərə ehtiyacı var. Krımın problemlərinin həlli Rusiyanın üzərindədir. Müharibədən fərqli olaraq sanksiyalar uzun müddətli olur. Avropa ilk sanksiyaların tətbiq edəndə heç kim onun nəticələrinə inanmırdı. Amma hazırda biz sanksiyaların təzahürlərini görməkdəyik».
Rusiya iqtisadiyyatını çox böyük problemlər gözlədiyini düşünən S.Əliyev vurğuladı ki, Rusiya iqtisadiyyatına sanksiyaların təsiri bu ölkədə çalışan azərbaycanlıların güzaranından yan keçməyəcək: «Nəzərə almaq lazımdır ki, soydaşlarımız əsasən Rusiyanın əyalətlərində çalışırlar. Sanksiyalar isə regionlardakı vəziyyətə pis təsir göstərəcək. Eyni zamanda Rusiya Azərbaycanın ticarət tərəfdaşıdır. Sanksiyalar isə rus rublunun dəyərini aşağı salacaq. Bu isə o deməkdir ki, Azərbaycandan ixrac olunan mallar baha başa gələcək».
Xəyal