Azərbaycandan keçən narkotik maddə Talibanın imiş; «Mal»ın «Azərcənub» MMC yük məntəqəsində qablaşdırıldığı bildirilir
Cavanşir Paşazadə: «Bu mənlik, sizlik deyil, gömrüklükdür»
Gürcüstan hüquq mühafizə orqanları tərəfindən ələ keçirilmiş 3 tona yaxın maye heroin “Taliban” terrorçu təşkilatına məxsus olub. Musavat.com-un gürcü KIV-ə istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər naziri Aleksandr Çikiadze bildirib. Bu haqda o, parlamentdə çıxışı zamanı deyib. “Bu, narkotik əfqan mənşəlidir və ”Taliban” təşkilatına məxsusdur. Onun daşınması Avropa istiqamətində nəzərdə tutulmuşdu”, – deyə nazir qeyd edib. Onun sözlərinə görə, yükün bazar qiyməti 400 milyon dollar təşkil edir.
Bu arada “Yeni Müsavat” məlumat yayıb ki, heroin Azərbaycana Iran Astarasından daxil olub. Sərhədin bu tayında isə heroin “Azərcənub” MMC-nin yük məntəqəsində qablaşdırılaraq ölkəmizin ərazisindən başqa adla daşınıb. Zaman-zaman bu MMC-nin Qafqaz Müsəlmanları Idarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadəyə aid olması haqda məlumatlar yayılıb. Deputat məsələyə münasibət bildirib. “Irandan Astaraya gələn bütün maşınlar ”Azərcənub”un ərazisindən keçir. Təbii ki, bu maşınlarda narkotik olanda orada itlər, xüsusi yoxlama cihazları var. Belə hal olanda tuturlar. Tuta bildiklərini tuturlar, tuta bilmədikləri də ölkə ərazisinə keçir. Bu mənlik, sizlik deyil, gömrüklükdür”, – Cavanşir Paşazadə bildirib. O, bütün yüklərin MMC ərazisindən keçməsinin təbii bir hal olduğunu söyləyib: “Təbii ki, bunlar hamısı ”Azərcənub”un yolundan keçir. Yəni Astaradan keçməklə Bakıya və ya digər regionlara, xaricə gedir. Bunun Biləsuvar postu, Naxçıvan, Gürcüstan postları da var. Azərbaycana gələnlər, daşınan yüklər bu yollarla da keçir”.
Cavanşir Paşazadə “Azərcənub” MMC-nin təyinatı barədə bunları deyib:”Azərcənub” o vaxt maşınların yüklənməsi və boşaldılması üçün tikilib. “Azərcənub”a aid orada soyuducu kameraları var. Həmin soyuducular tez xarab olan malların saxlanılmasına görə inşa olunub. Hazırda həmin soyuducuları işlətmirlər. “Azərcənub”luq orada yüklərin maşınlara vurulması və boşaldılmasında çalışan fəhlələrdir. Qalan işlər “Azərcənub”luq deyil, gömrüklükdür”.