Dövlət Neft Şirkətinin tabeliyində olan strukturlarda əməkdaşlara 2 ay ərzində yeni iş tapmaları üçün bildirişlər verilib
Dövlət Neft Şirkətində kütləvi ixtisarların növbəti mərhələsinə start verilib. Bu barədə “axar.az”ın yaydığı məlumatda bildirilir ki, bir müddət öncə ştat vahidlərinin azaldılması istiqamətində kütləvi ixtisarlar başlasa da, sonradan buna ara verildi. Hətta vaxtilə ARDNŞ-in Insan Resursları Departamentində müsabiqədən keçən, bundan əlavə, müsahibə mərhələsini adlayan şəxslər təkrar imtahanlara cəlb edildilər. Işdə qalmaq üçün rəqabət yaradan bu imtahanlar həm peşəkar kadrların seçimində, həm də ixtisarların hüquqi müstəviyə qalxmasında önəmli rol oynayırdı.
Imtahanlardan keçə bilməyənlərin ixtisarı aparılsa da, qərar yenidən dəyişib. Bildirilir ki, artıq ARDNŞ-in Təhlükəsizlik Idarəsi və Nəqliyyat Departamentinin bir-iki həftə öncə imtahan verərək yaxşı nəticə göstərmiş əməkdaşlarıyla bərabər, digər rəhbər və adi işçilərinə bildirişlər paylanıb. Bildirişdə isə 2 ay müddətinə özlərinə iş tapmaqları xahiş olunur və bağlanmış müqavilələrin ləğv ediləcəyi xəbər verilir.
Neftçilərin Hüquqlarının Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı “Azadlıq”a açıqlamasında bildirib ki, bu, yeni xəbər deyil. Hüquq müdafiəçisinin sözlərinə görə, bir müddət əvvəl başlanmış ixtisarlar bu gün də davam edir. Ümumiyyətlə, bu prosesin ilin sonuna qədər davam edəcəyi gözlənilir: “Ixtisarlar ARDNŞ-in tabeliyində olan ”Azəriqaz”da da gedir və işçilərə bildirişlər paylanır. Istismar sahələri ləğv olunur və onların hamısını birləşdirib Bakı Şəhər Qaz Istismar Idarəsi yaradırlar. Çoxlu sayda mühəndis, texniki işçi, rəis ixtisara düşür. Təbii ki, rəislər və baş mühəndislər işsiz qalmayacaq. Işsizlər ordusuna adamı olmayan mühəndislər daxil olacaq. “AzNeft” Istehsalat Birliyinin Neft və Qazçıxarma idarələrində 10-a qədər idarə var ki, oradakı sexlər ləğv olunub sahələr yaradılır. Burada da əməkhaqları azaldılır, ixtisarlar aparılır. Fikrimcə, ilin sonuna qədər Dövlət Neft Şirkətinin 40 faizə qədəri ixtisara düşəcək. Təxminən 30-35 min civarında işçi qalacaq”.
Mirvari Qəhrəmanlı ARDNŞ-də ixtisarların gözlənilən olduğunu deyir. Hüquq müdafiəçisinin sözlərinə görə, bunun da səbəbi hasilatın aşağı düşməsidir: “Dövlət Neft Şirkəti özünə aid olan və olmayan bütün işlərlə məşğul olduğundan hasilatı qaldıra bilmir”.
Ramin DEKO