Yaxın zamanlarda rayona səfəri gözlənilən dövlət başçısının görə biləcəyi yerlər abadlaşdırılır
«Dövlət başçısı doğrudan da ictimaiyyəti narahat edən problemləri öyrənmək istəyirsə, Imişli sakinləri ilə görüşsün, özü ilə kənardan adam gətirməsin»
Çoxdan bəri baxımsız qalan rayonlarda canlanma müşahidə olunur, görüntü yaratmaq xatirinə ictimai yerlərdə abadlıq, təmir, bərpa işləri aparılır. Imişli sakini Vüqar Qədirovun bildirdiyinə görə, bu kampaniyaya qoşulan rayon rəhbərliyi, növbəti dəfə iş adamlarını xərcə salıb.
Son parlament seçkisinin saxtalaşdırılmış nəticələrinə görə 79 saylı seçki dairəsindən deputat mandatı qazanan Əsabil Qasımov daha çox fərdi yükə məruz qalıb. Bir qədər əvvəl ağac tingləri və gül kolları alınması üçün 100 min manatından keçən başıbəlalı deputata, indi də Imişli Şəkər Zavodundan başlayaraq rayonun Qaralar kəndinin qurtaracağınadək olan avtomobil yolunun kənarlarını abadlaşdırmaq tapşırılıb. V.Qədirov bildirir ki, həmin avtomobil yolu yenicə salınıb və əhali arasında onun açılışına dövlət başçısının təşrif buyuracağı barədə söhbətlər dolaşır. Tərs kimi həmin yolun kənarında kasıb daxmaları və qamışdan çəkilmiş uçuq-sökük çəpərlər var. Bu ürəkbulandırıcı mənzərəni aradan qaldırmaq üçün biznesmen-deputat yolun kənarından daşdan barı çəkməyə məcbur olub.
Ayrı-ayrı yaşayış və ictimai binaların dam örtüyünün təzələndiyini deyən mənbə, bütün abadlıq işlərinin yaxın zamanlarda rayona səfəri gözlənilən dövlət başçısının hərəkət trayektoriyasına uyğunlaşdırıldığını iddia edir: “Sanki əvvəldən ”yol xəritəsi” tərtib ediblər, Prezidentin keçəcəyi yollara, görəcəyi yerlərə boya vurulur, abadlıq işləri yalnız şəhərin mərkəzi küçə və meydanlarında görülür. Gözdən-könüldən uzaq olan yerlər isə yada düşmür. Təbii ki, əsas diqqət təzəcə təmirdən çıxmış H.Əliyev adına şəhər mədəniyyət və istirahət parkına (əgər onu “park” adlandırmaq olarsa) ayrılıb. Ağır texnika və dəmir alətlərlə meydanın ortasındakı ata Əliyevin heykəlinin ətrafında yerə döşənmiş daş örtüklər qoparılaraq yeniləri ilə əvəzlənir. Sabah yəqin ki, Prezident bu daşdəyişməni “sosial-iqtisadi inkişaf” kimi təqdim edəcək”.
Mənbə həmçinin bildirir ki, ötən il Imişli RIH başçısının iqtsadi məsələlər üzrə müavini, spirt zavodunun və “Kral” şadlıq sarayının sahibi Saleh Səmədov tərəfindən aparılan ağacbudama işləri də rayonun görkəminə və ekologiyasına ciddi zərər vurub. Belə ki, qol-budaq əvəzinə, düz gövdədən kəsilən ağacların bir çoxu bu yaz göyərməyib. Sonuncu dəfə 2006-cı ildə I.Əliyevin Imişliyə səfər etdiyini deyən V.Qədirov xatırladıb ki, o zaman dövlət başçısı ilə Imişli Şəkər Zavodunun həyətində keçirilən görüşə yerli ictimaiyyət adından 4 avtobusla kənardan gətirilmiş adamlar buraxılmışdı. Əlində şəhid oğlunun portreti, şikayət məktubu olan insanlar isə təhlükəsizlik xidməti əməkdaşlarının fiziki zorakılığı ilə üzləşmişdi. “Bizim dövlət başçısına deyiləcək çox sözümüz, veriləcək suallarımız var. Əgər o, doğrudan da ictimaiyyəti narahat edən problemləri öyrənmək istəyirsə, bu rayonun sakinləri ilə görüşsün, özü ilə kənardan adam gətirməsin” – deyir Imişli sakini.
İnformasiya şöbəsi