Korrupsiya ilə mübarizə apardığını deyən hökumət niyə 6 ildir deklorasiya bəyannaməsini qəbul etmir?
Qubad Ibadoğlu: «Məmurların gəlirləri haqqında deklorasiyanın hələ də qəbul olunmaması siyasi səbəblərlə bağlıdır»
Hakimiyyət rüşvət və korrupsiyaya qarşı genişmiqyaslı mübarizə elan etdiyini bəyan etsə də, dünya praktikasında qəbul olunan normalar barədə nədənsə unudulur. Belə ki, korrupsiyaya qarşı mübarizədə ilk və ən vacib addım məmurların gəlirləri barədə deklorasiyanın qəbuludur. Azərbaycanda isə bu barədə heç bir addım atılmayıb. Digər tərəfdən, korrupsiyaya qarşı mübarizə nəticəsində həbs olunan şəxslər də tutduğu postlara görə yuxarı eşelon sayılmırlar.
Amma reallıq tam əksini göstərir. Məsələn, bu günlərdə bir polis generalının xanımının məhkəmə prosesində bölüşdürülməli məbləğlər sırasında yüz minlərlə avronun adı hallanırdı. Və yaxud da dövlət başçısının əmisi Cəlal Əliyevin adının hallandığı məhkəmədə milyonlarla dolların mübahisəsi gedirdi. Eyni zamanda az qala ölkənin yarısının sahibi olmaqda adları halanan bəzi millət vəkillərinin DSK-ya təqdim etdikləri sənədlərə əsaslansaq, onların mülkiyyəti yaşadıqları mənzillərdən kənara çıxmır. Dubay mülkləri ilə bağlı beynəlxalq mətbuatda açıqlanan bütün sənədlərə görə onların hakim ailəyə məxsus olduğu heç bir şübhə yaratmasa da, dövlət başçısının son prezident seçkisində iştirakı zamanı elan etdiyi bəyannamə reallıqlara az uyğun gəlir.
Iqtisadçı ekspert Qubad Ibadoğlu bildirdi ki, korrupsiyaya qarşı aparılan mübarizəyə hər hansı məmurun həbsi və yaxud da vəzifəsindən uzaqlaşdırılması ilə qiymət vermək düzgün deyil. Q.Ibadoğlu vurğuladı ki, Azərbaycan kimi ölkələrdə korrupsiyaya qarşı mübarizə bu bəlanın özünə uyğun olmalıdır: “Azərbaycanda bütövlükdə sistem korrupsiyalaşıb. Ona görə mübarizə də kompleks xarakter daşımalıdır. Əgər hər hansı məmur korrupsiyaya görə həbs olunursa, bu heç də o demək deyil ki, mübarizə yüksək səviyyədə aparılır. Burada konkret mexanizmlər var. Onlar islahatların aparılmasını və yeni qaydaların tətbiqini nəzərdə tutur. Məhz bu mexanizmlərin hazırkı situasiyada işə salınması daha məqsədəuyğundur. Bu zaman biz mübarizənin konkret və effektli nəticələrini görə bilərik”.
Məmurların gəlirlərini bəyan etməsi, elektron hökumətin yaradılması ilə bağlı məsələlərin məhz bu tip mexanizmlərə daxil olduğunu deyən Q.Ibadoğlu vurğuladı ki, iqtisadiyyatda liberallaşma, inhisarçılığa qarşı mübarizə korrupsiyanın aradan qaldırılmasında daha çox effektlidir: “Bu kampaniya başlayan zaman bəyan etmişdim ki, əgər Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizədə səmimiliyini nümayiş etdirmək istəyirsə, məmurların gəlirləri haqqında bəyannaməni təsdiq etməlidir. Bununla bağlı qanun 2005-ci ildə qəbul olunub. Bu qanuna görə, vəzifəli şəxslər gəlirləri barədə ildə bir dəfə məlumat verməlidirlər. Qanunun qəbulundan sonra dövlət başçısı xüsusi bəyannamənin üç ay ərzində hazırlanmasıyla bağlı Nazirlər Kabinetinə tapşırıq verib. Bu üç ay altı il olsa da Nazirlər Kabineti bu bəyannaməni hazırlamayıb”.
Qanunun hazırkı reallaqlarda tətbiq edilməməsini məhz bəyannamə formasının hazır olmaması ilə izah etdiklərini deyən Q.Ibadoğlu vurğuladı ki, məmurlar məhz bu üzdən bu öhdəliyi yerinə yetirmirlər. Yalnız deputatların namizədliklərini irəli sürdükləri zaman əmlakları barəsində məlumat verdiklərini söyləyən Q.Ibadoğlu hesab edir ki, məmurların gəlirləri haqqında deklorasiyanın hələ də qəbul olunmaması siyasi səbəblərlə bağlıdır.
Xəyal