Bu bəhanə ilə iki ildir qapısına qıfıl vurulan məsciddə indiyə qədər heç bir təmir işləri aparılmayıb
İki il əvvəl “təmir” adı altında bağlanan Şəhidlər Xiyabanındakı Türk məscidi hələ ki, açılmayıb. Məscidin qapıları günü bu gün də qıfıllıdır. Halbuki, 2009-cu il aprelin 28-də məscid bağlananda qapısının üstünə yazılmışdı: “Təmir səbəbilə məscid bir müddət bağlıdır”.
Görünür, “təmir” üçün arxada qalan iki illik bir müddət kifayət etməyib. Məsələ burasındadır ki, məsciddə heç bir təmir işləri aparılmır. Heç bu vaxta qədər də aparılmayıb.
Əmrə adlı Türk tələbə deyir ki, məscidin açarlarından biri polisdədir: “Burada heç bir təmir işi aparılmayıb. Məscid bağlı olduğuna görə burada ibadət edə bilmirik”.
Məscid bağlanan zaman Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəmdə idi. Bəzi ekspertlər hesab edirdi ki, məscidin bağlanması məhz bu məsələ ilə birbaşa əlaqəlidir.
Türkiyənin Bakıdakı səfirliyinin din xidmətləri müşaviri Sadiq Əraslan da “mediaforum”a açıqlamasında məsciddə təmir getmədiyini təsdiqləyib: “Yeddi aydır Bakıda çalışıram. Bu müddətdə Şəhidlik məscidində hər hansı təmirin getdiyini görməmişəm. Məndən əvvəl hansısa işlərin görülüb-görülmədiyi haqqında isə heç nə deyə bilmərəm. Məscidi Türkiyə Dini Işlər Vəqfi tikdirib. Amma hazırda Şəhidlik məscidinin bu qurumla heç bir əlaqəsi yoxdur. Türkiyə bu abidəni tikdirib və qardaş Azərbaycana hədiyyə edib. O səbəbdən də məscidin Türkiyə ilə hüquqi əlaqəsi qalmayıb. Əgər təmir işləri aparılırsa, buradan edirlər, Türkiyədən təmir üçün gələn olmayıb”.
Müşavir hazırda Şəhidlik məscidinin fəaliyyət göstərmədiyini, burada hər hansı dini ayin icra olunmadığını, hansısa möminin orada namaz qılmadığını bildirir.
Sadiq Əraslan deyir ki, Şəhidlik məscidinin açılması üçün nə etmək lazım olduğunu deyə bilməz: “Azərbaycan qurumları nə zaman uyğun bilsə, məscid o zaman fəaliyyət göstərər. Bütün məsələlər Azərbaycanın qanunlarına, əlaqədar qurumlara bağlıdır. Gələcəkdə nə olacaq, bilmirik. Bizə heç nə bildirilmir. Sadəcə, məscidin bağlı olduğu deyilir”.
Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sözçüsü Saleh Aslanov isə məscidin hazırda təmirdə olduğunu deyir. Bununla belə, təmiri kimin apardığı haqda heç bir məlumatı olmadığını da bildirir.
Elmin Həsənli