Ekspertlər hesab edir ki, Şəmkir korpusunun iki zabitinin məsuliyyətə cəlb olunması sabiq komandirin tutulmasına hesablanıb
Şəmkir korpusunun iki zabiti həbs edilib. Bu barədə “Azadlıq”a Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Məlumatda bildirilir ki, həbs edilənlər Azər Xalıqov və Azər Hüseynovdur.
Oxucuların diqqətinə çatdıraq ki, bu zabitlərin adı Toğanadakı qətliamda hallandırılırdı. Zabitlərdən biri – Azər Hüseynov Şəmkir hərbi birləşməsinin komplektləşdirmə və kadrlar bölməsinin rəisi vəzifəsində çalışıb. O, Çingiz Şəfiyevlə birgə hərbi xidmət keçib. Müdafiə naziri Səfər Əbiyevin yaxın qohumu olan Çingiz Şəfiyev Şəmkir korpusuna komandir təyin ediləndən sonra Azər Hüseynovu da yanına çağırıb. Toğanadakı qətliamdan sonra hərbi birləşmədə aparılan yoxlamalar nəticəsində Azər Hüseynovun fəaliyyətində ciddi nöqsanlar aşkar edilib və onun məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib.
Azər Hüseynov isə məsuliyyətdən yaxa qurtarmaq üçün intihara cəhd etmişdi. Ülgüclə boynunu kəsən zabitin həyatını xilas etmək mümkün olmuşdu.
Hərbi Məhkəmədən APA-ya daxil olan məlumatda deyilir ki, hər iki zabit Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma – qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinirlər. Onların barəsində aprelin 27-də Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Ekspertlər “Azadlıq”a bildirib ki, Azər Xalıqovla Azər Hüseynovun həbsi əslində Şəmkir hərbi birləşməsinin sabiq komandiri Çingiz Şəfiyevin məsuliyyətə cəlb olunmasına hazırlıq kimi dəyərləndirilməlidir. Ekspertlər hesab edir ki, növbəti mərhələdə Çingiz Şəfiyev həbs oluna bilər. Sabiq komandir Toğanadakı qətliamdan sonra tutduğu vəzifədən azad edilib. Həmçinin onun rütbəsi bir pillə aşağı salınıb.
İnformasiya şöbəsi