Kəmaləddin Heydərovla Ramiz Mehdiyevin ölkədə baş verən siyasi proseslərə yanaşmasındakı fərq qarşıdurma həddinə çatıb
Hakimiyyət daxilində Azərbaycanda baş verən siyasi proseslərlə bağlı fərqli mövqelərin olduğu barədə məlumat vermişdik. Bildirmişdik ki, hakimiyyətdaxili qruplardan bəziləri, xüsusilə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev və Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun rəhbərlik etdiyi qruplar ölkədə siyasi vəziyyətin gərginləşməsinə çalışırlar. Və bu da həmin qrupların maraqlarından irəli gəlir.
Lakin elə qruplaşmalar da var ki, buna qarşıdır. Bu sırada fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi qruplaşmanı göstərmək olar. Təbii ki, Kəmaləddin Heydərovun belə mövqe tutması heç də demokratik qüvvələrə simpatiyasından, ölkədə demokratikləşmə prosesinin sürətlənməsindən irəli gəlmir. Kəmaləddin Heydərov anlayır ki, siyasi vəziyyəti gərginləşdirmək istəyən qüvvələr əslində bu məsələdə həm də onun “vurulmasına” çalışırlar. Bu baxımdan “fövqəlnazir” qarşı tərəfin mövqeyini bölüşmür.
Təsadüfi deyil ki, Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən şəxslər bu istiqamətdə açıqlamalar verir. Məsələn, deputat Qüdrət Həsənquliyev artıq ikinci dəfədir ki, kütləvi aksiyalar üçün “Azadlıq” meydanının ayrılmasını təklif edir.
“Azadlıq” meydanı müxtəlif etiraz və dəstək aksiyaları keçirmək üçün Azərbaycan vətəndaşlarının ixtiyarına verilməlidir. Bu gün “Azadlıq” meydanından avtodayanacaq kimi istifadə olunur. Necə ola bilər, bu meydan avtomobil parkı kimi yarayır, insanların toplaşması üçün yaramır?”, – deyə deputat bildirib. Qüdrət Həsənquliyev, həmçinin deyib ki, Azərbaycan hakimiyyəti Liviyada üsyançıların qurduğu Milli Keçid Şurasını tanımalıdır. Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən deputatın bu tip açıqlamalar verməsi, əslində hakimiyyət daxilində bu məsələlərdə mövqelərin haçalanmasını göstərir.
İnformasiya şöbəsi