Azərbaycanda həyata keçirilən ən bahalı layihə olan “Xəzər adaları”nın (Khazar İslands) açılışı avqustun 3-də olacaq. Bu layihəni reallaşdıran “Avesta” Konsernin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmli bildirib ki, dəniz kompleks artıq istifadəyə veriləcək.
“Avesta” Konserninə məxsus “Həsən-96” MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alan iş adamı Elşad Məmmədov avqustun 3-də Prezident Administrasiyası önündə aksiya keçirəcək.
“Azadlıq”a açıqlamasında iş adamı bildirdi ki, artıq onun qalmağa yeri yoxdur: “Hacı İbrahim mənim pulumu vermir. Əlimdə bütün sənədlər var – maliyyə arayışı, ödənilən pulların qəbzi. Məsələylə məhkəməyə müraciət etmişəm. Hakimlər Hacı İbrahimin sifarişiylə hərəkət edərək iddiamı təmin etmədilər. Bundan başqa bütün aidiyyəti qurumlara müraciət etmişəm, bunun da heç bir faydası olmadı. Baş prokuror Zakir Qaralova rayona gəlib vətəndaşlarla görüşəndə qəbulunda oldum, problemimi dilə gətirdim, dedilər ki, maraqlanacağıq. Nədənsə hamı Hacı İbrahim Nehrəmlidən çəkinir. Bütün pulumu o iki evə verdim, o da əlimdən çıxdı. İndi qalmağa yerim yoxdur. Ona görə də avqustun 3-də Prezident Administrasiyasının önünə gedib övladlarımla binanın qarşısında gecələyəcəm”.
“Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin qəbulunda olmuşam, o da məni haqlı saydı. Ali Məhkəmənin sədri Ramiz Rzayev Hacı İbrahimliylə dost olduğu üçün məni uduzdurdu. Hətta Ali Məhkəmənin Pleniumunun protokolu dəyişdirildi. Haqqımı bərpa etmək üçün ağzımı belə tikdim, yenə faydası olmadı. Ancaq geri çəkilmək niyyətim yoxdur, sona qədər mübarizə aparacam. Bütün jurnalistləri avqustun 3-də saat 12:00-da Prezident Administrasiyasının qarşısına çağırıram”, – deyə Elşad Məmmədov bildirir.
Ramin DEKO