AFFA prezidenti istehsal edən “Neftçi”
Rövnəq Abdullayev AFFA prezidenti təyin olunanda (bilərəkdən “seçiləndə” yazmadıq, çünki hamıya məlumdu ki, bizdə assosiasiya rəhbərini seçmirlər, məhz təyin eləyirlər) bunun ölkə futboluna yalnız müsbət cizgilər gətirəcəyini düşünənlər var idi və belələri az deyildi. Hesab eləyirdilər ki, futbol təşkilatının pulu əvvəlkindən daha çox olacaq, bu da ümumi işə yaxşı təsir göstərəcək. Fuad Musayev hökumətlə yola getmirdi, Ramiz Mirzəyevi isə elə Rövnəq Abdullayev işləməyə qoymurdu. Düzdü, AFFA-nın ikinci və rəhmətlik prezidenti heç işləyən adam da deyildi. Mirzəyev futboldan çox uzaq idi, o qədər uzaq ki, oyunun neçə dəqiqədən ibarət olmasını da bəzən unudurdu. Insafən, Rövnəq Abdullayev bunu unutmur, amma o, Ramiz Mirzəyevdən heç də yaxşı işləmir.
“Neftçi”ni niyə çempion eləyirlər?
“Neftçi”nin futbol üzrə ölkə çempionatında birinci yeri tutmasına – Premyer Liqanın qalibi olmasına bir şey qalmayıb. Dörd tur sonra yarış başa çatacaq, Bakı komandası isə ən yaxın izləyicisini 8 xal geridə qoyur. Düzünü yazmaq lazımdı, “Neftçi” rəqiblərinə nisbətən çempionluğa doğru daha inamla gedib. Amma bir həqiqəti də unuda bilmərik: Rövnəq Abdullayevin qohumu Sadıq Sadıqovun maliyyələşdirdiyi paytaxt klubuna əməlli-başlı kömək edirlər. Kimlər? Hamıdan əvvəl hakimlər “Neftçi”nin əlindən tutur. Bəzən meydanda lap biabırçılıq olur. “Neftçi” – “Inter” oyununda baş verənləri necə unutmaq olar? Baş hakim Əfqan Həmzəyev əlindən gələni edirdi ki, “Neftçi” uduzmasın. Hesabı “Inter” açmışdı, “Neftçi”nin oyunu heç cür alınmırdı. Tribunalarda az qala hamı deyirdi ki, indicə Əfqan rəqib qapıya penalti təyin edəcək. Gözünə döndüyümüz Həmzəyev də 86-cı dəqiqəyə qədər dözdü, gördü ki, “Neftçi” öz gücünə məğlubiyyətdən yaxa qurtara bilməyəcək, onda penalti nöqtəsini göstərdi. Halbuki, hələ oyunun əvvəllərində oxşar epizodda “Neftçi”nin qapısına 11 metrlik cərimə zərbəsi təyin etməliydi. Bundan başqa, epizodların birində liderin hücumçusu Flavinyoya qırmızı vərəqə verilməliydi. Beləcə, adi epizodda “Inter”in qapısına penalti verildi və “Neftçi” hesabına daha bir xal yazdırdı. Bundan sonra necə çempion olmamaq mümkündü?
Bir mənzərəni təsəvvür edin: “Neftçi” – AZAL oyunu qurtarır, hakimlər gəlib bir-bir Sadıq Sadıqovun üzündən öpüb klub prezidentini “Neftçi”nin qələbəsi münasibətilə təbrik eləyirlər. Niyə? Xeyir ola? Axı hakimlər nə üçün klub prezidentinin sevincinə şərik olmalıdı? Əfqan Həmzəyev “Futbol+” qəzetinə açıqlamasında bunu təkzib edib. Halbuki, Əfqan Həmzəyevlə Sadıq Sadıqov öpüşəndə “Azadlıq”ın əməkdaşı da oradaydı. Hakimlər sevincini gizlədə bilmirdi.
“Neftçi”ni niyə çempion eləyirlər? Təxminən cavab verdik. Çünki klubun prezidenti Rövnəq Abdullayevin qohumudu. Indi də söz-söhbət gəzir ki, AFFA prezidenti postunda dəyişiklik olacaq, həmin vəzifə Sadıqova tapşırılacaq. Ola bilər ki, ya Rövnəq Abdullayev siyasi hakimiyyətdəki mövqeyini dəyişir, ya da qohumunu bilərəkdən irəli çəkir. Sadıq Sadıqovun AFFA-da yaxşı vəzifəyə keçməsi də mümkündü. “Neftçi”nin çempionluğu isə klub prezidentinin “əmək kitabçasında” yaxşı səhifə açacaq. Hər söz düşəndə deyəcək ki, “Neftçi” neçə il idi çempion olmurdu, mən gələn kimi, birinci yeri tutdu. Bax, “Neftçi”ni buna görə çempion eləyirlər.
Prezident fabriki
Tutaq ki, Sadıq Sadıqovu gətirib qoydular AFFA prezidenti. Xəbəriniz varmı ki, bu, “Neftçi”dən federasiya rəhbərliyinə gətiriləcək üçüncü prezident olacaq? Ramiz Mirzəyev də “Neftçi”nin rəhbəri olub, Rövnəq Abdullayev də. “Neftçi” AFFA prezidenti istehsal eləyir? Doğrudanmı ölkədə futbol təşkilatına rəhbərlik edəcək başqa adam yoxdu? Axı futbol təsərrüfatı kolxoz deyil ki, sədri inzibati yolla təyin edəsən. Demokratik prinsiplərə uyğun seçki keçirilməlidi, AFFA üzvlərinin ən çox səsini qazanan da prezident olmalıdı. Bizdə adi həqiqəti qəbul edə bilmirlər ki, bu cür siyasi gedişlərlə ölkə futbolunu inkişaf elətdirmək mümkün deyil. “Neftçi”nin klub simasını beləcə darmadağın eləyirlər. Klubu çeviriblər prezident istehsal edən fabrikə. Kimi AFFA prezidenti etmək istəyirlərsə, əvvəlcə onu “Neftçi”yə rəhbər qoyurlar. Sadıq Sadıqovu niyə birbaşa AFFA prezidenti eləmirlər? Çünki assosiasiyanın nizamnaməsi buna imkan vermir. AFFA prezidenti ən azı, bir il futbol təsərrüfatında işləməlidi. Sadıq Sadıqovun da ili artıq tamam olub…
Taleh Heydərovun iddiası
Rövnəq Abdullayevlə Sadıq Sadıqovun xoşuna gəlməyən bir məsələ var ki, “Qəbələ”nin prezidenti Taleh Heydərov da AFFA prezidenti olmaq istəyir. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu son illər futbol ictimaiyyətində mümkün qədər müsbət imic formalaşdırmağa çalışıb. Böyük Britaniya qəzetləri tez-tez onun futbol fəaliyyətindən yazır. Daha çox iki məqama görə: Taleh Heydərov Londonda təhsil alıb və “Qəbələ”nin baş məşqçi postuna ingilis Toni Adamsı gətirib. Adams əyalət komandasına gələndən işi-gücü ingilis jurnalistlərə müsahibə verməkdi. Hamısında da Taleh Heydərovu tərifləyir. Klubun məşqçiləri onun dünya səviyyəli komanda yaratmaq istəyindən danışır. Futbol akademiyası yaradılıb. Guya, burada bacarıqlı futbolçular yetişdiriləcək, istedadlar üzə çıxacaq. Bir sözlə, iki ilə yaxındı ki, böyük reklam kampaniyası gedir. Ortada isə bir şey yoxdu. “Qəbələ” ortabab statusu ilə barışıb. Hadisələrin gedişi göstərir ki, burada işlər lazımınca aparılmır. Böyük pullar xərclənir, istiqamət isə düz-əməlli müəyyənləşməyib. Əslində, Taleh Heydərovun böyük klub yaratmaq məqsədi ola bilməz. Sizcə, inhisarçı təfəkkürü ilə futbol inkişaf elətdirirlər? Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov neçə ildi “Bakı”ya pul xərcləyir. Hanı nəticəsi? Klub gündə məşqçi dəyişir. Komanda mövsümü altıncı pillədə başa vuracaqsa, bu həngamə nəyə lazımdı?
Qayıdaq Taleh Heydərovun iddiasına. Bu mübarizədə qaydalar bir o qədər çətin deyil. Ölkə başçısı ya Rövnəq Abdullayevin namizədinə “hə” deməlidi, ya da Kəmaləddin Heydərovun oğluna.
Heç kimə lazım olmayan dövlət proqramı
Siyasi söhbətləri qoyaq bir kənara. AFFA prezidenti kim olur-olsun. Yəqin indi sizi daha çox o maraqlandırır ki, ölkədə futbol olacaq, ya yox? Gərək bağışlayasız, “hə” cavabı verə bilməyəcəyik. Birincisi, zəhmət çəkin, bir ölkə göstərin ki, orada demokratiya yoxdu, amma futbol var? Fikirləşməyə vaxt verə bilərik, amma özünüzü əziyyətə salmayın. Hansı ölkədə futbol yaxşı inkişaf edibsə, bu məsələdə məhz demokratiya rol oynayıb. Indi dünya futbolunun nəhəngləri hansıdı? Ispaniya, Hollandiya, Almaniya, Argentina, Braziliya, Ingiltərə, Italiya, Fransa… Yenə sadalayaq? Hamısı da demokratiyanın cəmiyyətin əsas dayaqlarına çevrildiyi ölkələrdir. Cənablar, ölkə rəhbərliyi boş yerə özünü yormasın, inzibati üsullarla futbolu inkişaf elətdirə bilməyəcəklər. Uzağa niyə gedirik, götürək 2005-ci ildə qəbul olunan dövlət proqramını? Hanı o dövlət proqramı? Görən olmayıb… Orada yazılmışdı ki, qarşıdakı 10 il ərzində filan-filan tədbirlər həyata keçirilməlidi. AFFA nə iş görüb geridə qalan altı il ərzində? Milli komanda hələ də azarkeşlərə böyükhesablı məğlubiyyətlər “hədiyyə edir”. Ölkədə əməlli-başlı futbolçu qıtlığı yaranıb. Azərbaycan Premyer-Liqasında oynayan klublar legionerləri düzüb bir-birinin ardınca. Dövlət proqramında bunlar yazılmışdı? Başınızı ağrıtmayaq. Bir sözlə, məmurlar ölkəni necə idarə edirlərsə, futbola da elə münasibət göstərirlər.