Azərbaycana Belarusa investisiya yatırmaq və müəssisələrin özəlləşdirilməsində iştirak etmək təklif olundu
Nemət Əliyev: «Belarusu bir bazar kimi nəzərdən keçirmək olar, ancaq xarici ticarətdə uğur qazanmaq üçün Qərb ölkələri ilə əməkdaşlıq zəruridir»
Azərbaycan Belarus üçün prioritet dövlətlərdən biridir, bu barədə prezident Aleksandr Lukaşenko cümə günü Azərbaycanın baş naziri Artur Rasizadəni qəbul edərkən bildirib.
“Biz sizin üçün tamamilə açığıq, sizə ixrac etməyəcəyimiz və ya sizin bizdə sata bilməyəcəyiniz mallar nomenklaturası mövcud deyil, birgə müəssisələrin yaradılması üçün qadağan edilmiş mövzular yoxdur, biz də Azərbaycanda belə edirik”, deyə Belarus lideri qeyd edib.
“Sizdən xahiş etmək istəyirəm ki, sizə çox yaxın bir ölkənin – Belarusun olduğunu və buraya investisiyalarla gələ biləcəyinizi unutmayasınız, biz həmişə sizi dəstəkləyəcəyik”, deyə Lukaşenko qeyd edib.
Öz növbəsində, Rasizadə qeyd edib ki, Azərbaycan siyasi və iqtisadi sahələrdə Minsklə əməkdaşlıq edəcək.
Qeyri-rəsmi məlumatlara görə, Belarus tərəfi Azərbaycana ölkənin bir sıra böyük müəssisələrinin özəlləşdirilməsində iştirak etməsini təklif edib və Rasizadənin səfəri məhz bu təkliflə bağlıdır.
Qeyd edək ki, Azərbaycan bundan öncə də Belarusa aşağa faizlə böyük miqdarda vəsait verib. Görünür, Lukoşenko yenə də Azərbaycandan pul almaq qərarına qəlib və bu dəfə “iqtisadi əməkdaş”lıq formasında hərəkət edir.
O da məlumdur ki, Azərbaycan hakimiyyəti belə təkliflərə həmişə müsbət yanaşır və özəlləşmə sahəsində xüsusi “təcrübə”si var.
Bəzi ekspertlər hesab edir ki, Lukoşenkonun belə açıq təklifi daha çox siyasi baxımdan qiymətləndirilməlidir. Çünki Belarus Avrasiya Ittifaqının üzvüdür və bu qurumda ölkənin inkişafı üçün perspektiv görünmür. Azərbaycan isə hələ də bu quruma üzv olmayıb və avrointeqrasiyanın cığırındadır. Belə olan halda Azərbaycanla isti münasibətlər Belarusun xeyrinə işləyə bilər.
Iqtisadçı ekspert Nemət Əliyev bildirdi ki, Rusiyanın region üçün təhlükəyə çevrildiyi və Belarusun da Avrasiya Ittifaqının üzvü olduğu vaxtda, belə bir təklifin irəli sürülməsi diqqəti cəlb edir. Sanki heç bir problem yoxdur və Rusiyanın layihəsində iştirak etməyən ölkə ilə əməkdaşlıq normaldır. Iqtisadi əlaqələrə gəlincə, ekspert bunu normal qiymətlənidirir: “Həqiqətən də heç bir gizli niyyət yoxdursa, məqsəd iqtisadi əlaqələrin yüksəldilməsidirsə, buna müsbət yanaşmaq lazımdır. Azərbaycanın xarici ticarət əlaqələrinin statistikasına nəzər salsaq görərik ki, son 4 ayın təhlili böyük itkiləri üzə çıxarır. Itkilər 1 milyard 650 milyon doları ötüb. Xüsusən də MDB ölkələri ilə idxal-ixrac əməliyatlarında xeyli enişlər var. Yaranmış itkilərin yerinin doldurulması baxımından Belarus bazar kimi nəzərdən keçirilə bilər”.
Belarusdakı özəlləşdirmədə iştirak etməyə gəlincə, ekspert hesab edir ki, bu prosesdə Azərbaycandan olan iş adamlarının yaxından iştirakı faydalı olar. Ancaq məmur-oliqarxların bu prosesdə iştirakı ölkə üçün heç bir xeyir vəd etmir.
Ekspert onu da əlavə etdi ki, texnoloji yeniliklərin Belarusdan idaxal edilməsi isə sadəlövhlük olardı. Çünki Belarusun bu istiqamətdə nailiyyətləri yoxdur: “Xarici ticarətin bütün sahələrində uğur qazanmaq üçün Qərb ölkələri ilə əməkdaşlıq zəruridir”.
Akif