Bakıda Rusiya əleyhinə qətnamə müzakirəyə çıxarılacaq
Fuad Qəhərmanlı: «Hakimiyyət bu dəfə də antiQərb mövqeyi sərgiləyərək, Rusiyaya qarşı ittihamları neytrallaşdırmağa çalışacaq»
Iyunun 28-də Bakıda ATƏT-in 23-cü sessiyasında öz işinə başlayacaq. 2 gün davam edəcək sessiyada Azərbaycan hakimiyətini narahat edən məsələnin müzakirəsi olacaq. Belə ki, ABŞ sessiyada müzakirə olunmaq üçün gözlənilməz təkliflə çıxış edib. Rusiyaya qarşı qətnamə qəbul edilə bilər.
ABŞ senatoru Bencamin Kardinin ATƏT-in Bakı iclasında Rusiyanı 1975-ci ildə qəbul edilmiş Helsinki sazişininin prinsiplərini pozmaqda ittiham edən qətnamə layihəsi hazırlayıb. Kardin bu qətnamədə Rusiyanı Ukraynanın Cənub-şərqini özünə birləşdirmək cəhdində ittiham edib.
Qətnamə layihəsinin rəsmi adı “Rusiya Federasiyası tərəfindən Helsinki prinsiplərinin növbəti dəfə kobud pozulması” adlanır.
Bir sözlə, Bakıda keçiriləcək tədbirdə antiRusiya layihəsi həyata keçiriləcək və Azərbaycantərəfi də öz mövqeyini ifadə etməli olacaq.
Qeyd edək ki, bugünlərdə NATO Parlament Assambleyasının Bakıda keçirilən “Cənubi Qafqaz: problemlər və imkanlar” adlı 86-cı “Rose-Routh” seminarında oxşar hal baş vermişdi. Həmin tədbirdə Qərbin bir sıra ekspertləri, parlamentarilər çıxışlarında Rusiya əleyhinə fikirlər səsləndirərək, Putinin Ukrayna ərazilərini ələ keçirmək siyasətini tənqid etmişdilər. Azərbaycan hökumətinin təmsilçiləri isə antiRusiya ovqatının yaranmasından həyəcanlanaraq əks hücuma keçmişdilər. Azərbaycanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, vitse-spiker Ziyafət Əsgərov Liviya, Iraqda baş verənlər, həmçinin Yuqoslaviyaya hücuma görə ABŞ-ı tənqid edərək, bunu “vicdansızlıq” adlandırmışdı. O eyni zamanda, Qərbin Rusiyaya qarşı sanksiyalarını “ikili standartlar” kimi qiymətləndirmişdi.
Bu dəfə isə vəziyyətin daha kritik olacağı gözlənilir və Rusiya əleyhinə böyük kampaniyanın start götürəcəyi ehtimalı var.
Görəsən, Azərbaycan hökuməti bu dəfə vəziyyətdən necə çıxmağı planlaşdırır?
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hesab edir ki, bu dəfə də hakimiyyət antiQərb ritorikasını davam etdirəcək və Qərb-Rusiya savaşında özünü sığortalamağa çalışacaq: “NATO PA-nın tədbirində də hakimiyyət ABŞ-a qarşı kəskin ittihamlar səsləndirdi və Rusiyanın qarşısında özünə bəraət qazandırmağa çalışdı. Bu dəfə də çətin vəziyyət yaranacağı gözlənilir və hakimiyyətin yenidən qərbə hücuma keçəcəyini ehtimal etmək olar. Hətta Dumanın rəhbəri Narışkin bildirib ki, bununla bağlı ATƏT ölkələri ilə danışıq aparılır. Deməli, Azərbaycanla da müvafiq danışıqlar aparılacaq və mövqe tələb olunacaq”.
Ekspert onu da əlavə etdi ki, Azərbaycan Avropa Şurasındakı səsvermə zamanı da neytral qalmışdı və Rusiya əleyhinə qətnamənin qəbuluna səs verməmişdi. Ona görə də bu sessiyada Azərbaycan eyni mövqeyi sərgiləyəcək və Rusiyaya qarşı fikirləri neytrallaşdırmağa çalışacaq.
ATƏT PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Eldar Ibrahimov “Modern.az”a bildirib ki, bu sessiyada Ukrayna ilə bağlı müzakirələr olacağı haqqında məlumatlıdlar: “ATƏT-in Bakıda keçiriləcək sessiyasında Ukrayna ilə əlaqədar iclasın olacağını əvvəldən xəbər veriblər. Amma amerikalı senator Bencamin Kardinin təklifi haqqında əvvəlcədən nəsə deyə bilmərəm. Bencamin Kardinin səsləndirdiyi təklif haqqında sənədi görməmişəm. Kimin nə qətnamə hazırladığından xəbərimiz yoxdur. Amerikanın, Rusiyanın qətnamə ilə bağlı nə təkliflər verəcəyi barədə bizdə məlumat yoxdur. Onu ancaq iclas başalayanda biləcəyik”- deyə Eldar Ibrahimov bildirib.
Akif