Azərbaycan Dəmir Yolları QSC-dən qiymətlərin dəyişməsinin Rusiya ilə bağlı olduğunu deyilir
Elyar Muradov: «Azərbaycan tərəfindən biletlərin qiymətinin bahalaşması gözlənilmir»
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ölkədən kənar səfərlər üçün gedişhaqlarını qaldıracağına dair məlumat yayıb. AzVision.az saytının məlumatına görə, biletlərin qiymətləri iyun ayından avqusta kimi bahalaşacaq.
Bunu bilet satış kassalarında çalışanlar da təsdiq ediblər. Saytın məlumatına görə, Bakı- Çelyabinsk reysi üzrə qiymətlər aylar öncə 117 manat idisə, hazırda gedişhaqları 150 manata qaldırılıb. Eləcə də Bakı-Tümen, Bakı-Rostov, Bakı-Yekaterinqburq səfərlərində də qiymət artımı müşahidə edilir.
Bundan əlavə qiymətlərin bahalaşması ilə əlaqədar Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti biletlərin əvvələcədən satışına da müəyyən qadağalar qoyub. İndi səfər üçün yalnız 10 gün müddətinədək bilet almaq olar. Bundan öncə isə səfərə çıxmaq üçün biletləri bir neçə ay əvvəlcədən almaq mümkün idi.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Sərnişindaşıma Departamentinin rəisi Elyar Muradov «Azadlıq»a açıqlamasında yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirdi.
Departament rəisi bilet satışı ilə bağlı qadağanın olmadığını, qiymətlərin dəyişməsinin isə Rusiya ilə bağlı olduğunu qeyd etdi: «Rusiyanın tarifi dəyişən tarifdir. Tariflər ayın müəyyən tarixində dəyişir, artır və azalır. Bayram qabağı artır, bayram günləri və bayramdan sonra azalır. Bu gün Moskvaya olan qiymət o demək deyil ki, sabah eyni qiymət olacaq. Rusiya öz tarifini ilə o cür işləyir».
E.Muradovun sözlərinə görə, qatar Bakıdan-Moskvaya gedirsə, Bakıdan Yalamaya qədər Azərbaycanın qiymətidir. Amma Dərbənddən Rusiyanın tarifi tətbiq olunur. Rusiyanın tarifi isə ayın tarixləri ilə dəyişir.
Departamentin rəisinin sözlərinə görə, biletlər 10 gün əvvəldən onlayn vasitəsilə almaq olar. Satışla bağlı heç bir məhdudiyyət yoxdur. Azərbaycan tərəfindən biletlərin qiymətinin bahalaşması gözlənilmir».
Fizzə