Putinin növbəti məmumuru Avrasiya İttifaqı ilə bağlı Azərbaycana çağrış etdi
Rəsmi Moskva Azərbaycanın Gömrük İttifaqı və Avrasiya İqtisadi Birliyinə girişini gözləyir. Modern.az rus mətbuatına istinadla xəbər verir ki, bu bəyanatla Rusiya regional inkişaf naziri İqor Slyunyayev çıxış edib. O bildirib ki, Avrasiya İqtisadi İttifaqı yalnız iqtisadi deyil, həm də siyasi sahədə strateji layihədir. Nazir hesab edir ki, buna görə Azərbaycanın Avrasiya İttifaqına birləşməsi real perspektivdir. “Azərbaycanın bu layihəyə cəlb olunması ehtimalı çoxdur. Azərbaycanın bu quruma birləşməsi tamamilə real perspektivdir. Mən bunu istisna etmirəm”,-deyə İ. Slyunyayev bildirib.
Maraqlıdır ki, artıq bununla neçəci dəfədir ki, Azərbaycana Avrasiya İttifaqına üzvlüklə bağlı çağrış edilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri ərəfəsində Azərbaycana Avrasiya İttifaqına üzvlüklə bağlı rəsmi dəvət də göndərilib.
Xatırladaq ki, Rusiya baş nazirinin müavini, hərbi-sənaye kompleksini və Kremlin Avrasiya İttifaqı ideyasını kurasiya edən Dmitri Roqozin 12 iyun – Rusiya günü ilə bağlı yaydığı tvit də birmənalı qarşılanmamışdı. Roqozin tvitində yazırdı: “24 il əvvəl sovet qayası ilk çatlarını verdi. Sonra daş uçqunu başladı. O zaman kim bilirdi ki, bu daşlar əsrin dörddə biri ərzində səpələnməkdə davam edəcək?! Ancaq daşları yığmağın vaxtıdır”.
Rəsmi Bakının Barrozonun səfəri zamanı AB ilə əməkdaşlıqda maraqlı olduğunu bəyan etməsinə baxmayaraq Rusiyanın təzyiqləri səngimək bilmir.
Vəfa Quluzadə: «Avrasiya İttifaqına üzvlük Azərbaycanın həm siyasi elitasının maraqlarına, həm də dövlətçilik mənafeyinə ziddir»
Avrasiya İttifaqına üzvlüyün Azərbaycanın milli maraqlarına uyğun olmadığını deyən politoloq Vəfa Quluzadə bildirdi ki, digər tərəfdən Avrasiya İttifaqı ilə yaxınlaşma Azərbaycan iqtidarının da mənafeyinə cavab vermir, ona təhlükə yaradır: «Avrasiya İttifaqına üzvlük Azərbaycanın həm siyasi elitasının maraqlarına, həm də dövlətçilik mənafeyinə ziddir. Rusiya sadəcə olaraq keçmiş SSRİ-ni bərpa edərək, Qərbi hədələmək istəyir. Avrasiya İttifaqı Rusiyanın proyektidir. Amma bu layihə reallıqdan tam uzaqdır. Görünür hakimiyyət ona həm Avropa Birliyindən, həm də Rusiyadan gələn təzyiqlərə cavabında bəyan edəcək ki, rəsmi Bakı hər iki tərəflə strateji əməkdaşlığı davam etdirsə də, ittifaqlardan heç birinə daxil olmayacaq».
Xəyal