Bunu Penitensiar Xidmətin rəis müavini də etiraf edib
Hüseyn Əlixanov: «Baxır onların imkanına, pulları varsa, tək də qala bilərlər»
Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı, vitse-admiral Şahin Sultanov Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında “Space” telekanalının aparıcısı Ilham Mirzəyevlə eyni kamerada saxlanılır. “Lent.az”ın “xeberdar.az”a istinadən yaydığı məlumata görə, bu barədə informasiyanı Ədliyyə Nazirliyi Pentensiar Xidmətin rəis müavini Hüseyn Əlixanov da təsdiqləyib.
“Onlar eyni vaxtda karantinə gəldikləri üçün, bir yerdə qalırlar. Özlərinin razılığı ilə bu baş tutub. Hər ikisi ziyalı insanlardı, dünya görmüş şəxslərdi. Onlara bir yerdə qalmaq təklif edilib, onlar da razılaşıblar. Hər halda, onları bir neçə dəfə cinayət işləmiş şəxslərlə bir yerdə saxlaya bilmərik. Bilmirəm, insanlar bunu niyə qəribə qarşılayırlar. Burda nə var ki? Hamı kimi onlar da istintaq təcridxanasında, sivil qaydada bir yerdə qalır. Bir kamerada iki insanın qalması üçün şərait var. Tək qalmaq üçün də kameralar var. Baxır onların imkanına, pulları varsa, qaydalar əsasında tək də qala bilərlər”, – deyə Hüseyn Əlixanov bildirib.
Həm Şahin Sultanovun, həm də Ilham Mirzəyevin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov “Azadlıq”a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyində pullu kamera nəzərdə tutulmayıb: “Bəzi xarici dövlətlərdə özəl təcridxanalar və həbsxanalar mövcuddur. Bu səbəbdən də həmin təcridxana və həbsxanalar pulludur. Müdafiə etdiyim şəxslər nüfuzlu insanlardır. Onlara bir yerdə saxlanılmaları təklif olunub və onlar bunu qəbul edib”.
Ramin