Iqtisadi Tədqiqatlar Mərkəzi Azərbaycanın 10 regionunda 2011-ci ilin mart ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb. ITM-dən APA-ya verilən məlumata görə, statistik müşahidələr nəticəsində ay ərzində Azərbaycanda istehlak qiymətləri 1,46%, o cümlədən Bakıda 1,56%, regionlarda isə 1,35% artıb. Illik müqayisədə isə inflyasiya 14,90% təşkil edib.
Mart ayı ərzində ən çox bahalaşma ərzaq məhsulları üzrə doğranmış çəkidə sümüklü mal əti (11,17%), buğda unu (8,83%), alma (8,68%), kərə yağı (5,56%), ağ kələm (3,92%), ən çox ucuzlaşma toyuq yumurtası (54%), göyərti (18,07%), banan (9,21%), təmizlənmiş düyü (5,99%) qeydə alınıb.
Eyni zamanda ITM Nazirlər Kabinetinin müvafiq normativləri əsasında mart ayı üzrə istehlak səbətinin dəyərini hesablayıb. Hesablamalara əsasən, martda Azərbaycanda əmək qabiliyyətli əhali üçün adambaşına minimum istehlak səbətinin dəyəri 165,33 manat, pensiyaçılar üçün 149,04 manat, 0-14 yaşlı uşaqlar üçün isə 202,91 manat təşkil edib. Mart ayında əmək qabiliyyətli əhali adambaşına ərzağa minimum 106,04 manat, pensiyaçılar 94,88 manat, 0-14 yaşlı uşaqların valideynləri isə 119,63 manat xərcləməli olub.
Xatırladaq ki, “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən, ölkədə 2011-ci il üçün yaşayış minimumu 95 manat, əmək qabiliyyətli əhali üçün 102 manat, pensiyaçılar üçün 72 manat, uşaqlar üçün 76 manat məbləğində müəyyən edilib.