Kontur sistemində tətbiq olunan danışıq haqları manat ekvivalentində olan tariflərlə əvəzlənəcək
Azərbaycanın mobil rabitə operatorları may ayında kontur sistemini ləğv edərək manat tarifikasiyasına keçəcək.
Azərbaycanın aparıcı mobil rabitə operatoru olan “Azercell Telecom” şirkətindən verilən məlumata görə, mayın 1-dən etibarən “Azercell” manat tarifikasiyasının tətbiqinə başlayacaq: “Abunəçilərimizin maraq və mənafeyini nəzərə alaraq danışıq qiymətlərində heç bir bahalaşma olmayacaq. Bununla belə, bəzi endirimlər gözlənilir.
Manat tarifikasiyası barədə aprel ayının sonunda istifadəçilərə ətraflı məlumat veriləcək”.
Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkətindən isə APA-ya bildirilib ki, şirkətin Rabitə və Informasiya Texnologiyaları Nazirliyi qarşısında manat tarifikasiyasına mayın 31-dək keçidlə bağlı öhdəliyi var: “Bizim öhdəliyimiz gələn ayın sonuna kimidir. Lakin artıq kontur sisteminin ləğv edib manat tarifikasiyasına keçid istiqamətində bir çox işlər görülüb ki, ”Bakcell” yeni ödəniş sisteminin tətbiqinə demək olar ki hazırdır. Bizim iyun ayınadək vaxtımız var, lakin çox güman ki, manat tarifikasiyasının tətbiqinə bir qədər tez başlanacaq”. Şirkətdən həmçinin bildirilib ki, tariflərdə heç bir dəyişiklik olmayacaq, kontur sistemində tətbiq olunan danışıq haqları manat ekvivalentində olan tariflərlə əvəzlənəcək. Qeyd edək ki, Azərbaycanın digər mobil rabitə operatoru “Azerfon” şirkəti fəaliyyətə başladığı gündən manat tarifikasiyasını tətbiq edib.