Elxan Şahinoğlu: «Fransanın fəallığının artması, Parisdə növbəti görüşün keçirilməsi bütün maraqlı tərəflərin xeyrinədir»
Cənubi Qafqaz ölkələrinə səfərə gələn Fransa prezidenti Fransua Ollandın həm Bakıda, həm də Yerevanda əsas diqqət çəkdiyi məsələ məhz Qarabağ münaqişəsinin həllinə prosesi idi.
Əliyevlə Sərkisyanı Qarabağa görə Parisə dəvət edən Olland ölkəsinin Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların bərpasına dəstək verməyə hazır olduğunu bəyan edib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə prezident Fransua Olland İrəvanda erməni həmkarı Serj Sərkisyanla keçirdiyi brifinqdə bildirib.
F.Olland deyib ki, onun əvvəlcə Bakıya, daha sonra İrəvana etdiyi səfərdə də başlıca məqsəd Qarabağ münaqişəsinin həllinə dəstək verməkdir.
Ollandın bu bəyanatı onun müəyyən təkliflərlə gəldiyini və məhz bu təkliflərə cavab almaq üçün Əliyev və Sərkisyanı Parisə dəvət etdiyini deməyə əsas verir.
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu hesab edir ki, Fransanın bir qədər fəallaşmasına ehtiyac var. Olland həm Azərbaycan, həm də Ermənistanda real olaraq təklif səsləndirdi: «Fransanın məqsədləri aydındır. Fransa Cənubi Qafqazda fəallığı artırmaq istəyir. İkincisi, Ukraynada baş verən hadisələr fonunda Fransa ehtiyat edir ki, Rusiya Cənubi Qafqazda da eyni ssenarini hərəkətə gətirə bilər. Ona görə də buna mane olmaq istəyir. Üçüncüsü, Fransa, ABŞ-ın Cənubi Qafqazdakı fəallığından geri qalmaq istəmir. Bu məqsədləri güdən Olland Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün Parisdə keçirilməsini istəyir».
Espertin sözlərinə görə, əslində bu görüşün Parisdə keçirilməsi bütün maraqlı tərəflərin, o cümlədən Azərbaycanın da xeyrinədir. Çünki Azərbaycan Rusiyanın danışıqlardakı inhisarından qurtarmaq istəyir. Digər tərəfdən Azərbaycan Fransa ilə çox geniş iqtisadi əlaqələr qurur: «Olland Bakıda olanda xeyli iqtisadi anlaşma sazişi imzaladı. Azərbaycan Fransadan qatarlar alacaq, metro və dəmir yolunun yenidən qurulmasında Fransa şirkətləri iştirak edəcək. Yerevanda o heç bu qədər iqtisadi saziş imzalamadı. Ermənistanın buna imkanı çatmır. Ermənistan da Fransanın fəallığından özünə təhlükə görmür. Çünki Fransada güclü erməni lobbisi və həmin lobbinin təsiri altında siyasətçilər var. Düşünürlər ki, Ermənistanın əleyhinə plan ortalığa qoyulmaz. Bu görüş Amerikaya da uyğundur. Çünki Amerika da Rusiyanın burda təkbaşına fəallığını istəmir. Fransa vasitəsilə Rusiyanın imkanlarını bir qədər neytrallaşdırmış olur. Həm də onu nəzərə almaq lazımdır ki, Barak Obama Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində passivdir. Vaşinqtonda görüşlər keçirmir. Əgər özü təşəbbüs irəli sürmürsə, heç olmasa Fransa vasitəsilə bu prosesdə nisbətən iştirak edib Rusiyanı sıxışdıra bilər. Rusiyanın özündə də hansısa dairələr Fransanın belə fəallığında müəyyən qədər maraqlı ola bilərlər. Çünki Rusiya Krımı işğal etməsi, Ukraynada separatçılara dəstək verməsi səbəbindən sivil dünyadan təcrid olunub, Qərbin sanksiyaları ilə üz-üzə qalıb. Ona görə də Rusiyada düşünürlər ki, hər hansı məsələdə yumşaldıcı mövqe sərgiləsə, Qərblə əməkdaşlıq etsə, bu müəyyən qədər ona qarşı olan sankiyaların yumşalmasına da səbəb olar. Bu mənada Fransanın fəallığının artması, Parisdə növbəti görüşün keçirilməsi bütün maraqlı tərəflərin xeyrinədir. Bu o demək də deyil ki, avtomatik olaraq Parisdə görüş keçirilərsə, Qarabağ münaqişəsinin həllində mütləq bir uğur əldə ediləcək. Hər halda vasitəçilik və görüşlərin Rusiyadan Fransaya keçməsi bizim də xeyrimizədir».
Fizzə