Regionda baş verənlərin fonunda Azərbaycanın daxilində Rusiya reveranslar maraq doğurur. Bu baxımdan Azərbaycanın eks prezidenti Ayaz Mütəllibovun söylədikləri maraq doğurur. «Bu gün.az» saytında yerləşdirilən müsahibədə A.Mütəllibov Ukraynada baş verənləri Qərbin tələskənliyi kimi dəyərləndirib. Son zamanlar Azərbaycan mətbuatında Rusiyaya yönəlik açıqlamaları da təqdir edən A.mütəllibov vurğulayıb ki, Azərbaycanın ən ümdə problemi olan Qarabağın həlli məhz Rusiyadan asılıdır: «Bu gün Ukraynada baş verənlər, xüsusən ABŞ-la Rusiya arasında artıq yaranmış qarşıdurma kontekstində, geosiyasi amilin mövcudluğunun təsdiqidir. Qeyd edək ki, Ukrayna böhranında təşəbbüs Ukraynanı “Şərq Tərəfdaşlığı” layihəsinə cəlb etmək yolunda əsassız tələskənliyə yol verən Qərb tərəfindən göstərilib. Bununla da Qərb bütün ölkə ərazisində siyasi vəziyyətin gərginləşməsinə gətirib çıxaran səhvə yol verib».
Q.Həsənquliyevin səsləndirdiyi təklifləri təqdir edən A.Mütəllibov vurğulayıb ki, bu təkliflərə Azərbaycanın maraqları kontekstindən yanaşmaq lazımdır: «Şübhəsiz ki, deputat Qüdrət Həsənquliyev tərəfindən səsləndirilmiş fikirdə müstəqillik dövründə mövcud olan və geosiyasi reallıqlara cavab verən səmərəli toxum var. İndiki halda deputatın bildirdiyi fikrin lehinə əsas amil ölkənin milli maraqlarının aliliyi prinsipi olmalıdır. Əbəs yerə deməyiblər ki, siyasət zamanın qarşıya qoyduğu məqsədlərə mümkün tərzdə çatmaq məharətidir. Bu baxımdan öz dövlətinin və xalqının maraqları baxımından dövlətin xarici siyasət vektorunun dəyişilməsinə yol vermək mümkündür. Bizi Rusiya ilə çox əsrli birgə yaşayış münasibətləri bağlayır və onunla münasibətləri saxlamaq bizə çətin deyil. Ona kimliyimizi izah etmək lazım deyil, halbuki digər dövlətlərlə bunu etmək lazım gəlir. Eyni zamanda Rusiyanın müasir şəraitdə birgə səylərlə öz təhlükəsizliyini təmin etməyə onu vadar edən geosiyasi təmayüllü öz maraqları var».
Vəfa Quluzadə: «Bu cür mövqedən çıxış etmə ya sadəlöhvlükdür, ya da bilərəkdən Rusiyanın maraqlarına xidmət etməkdir»
Politoloq Vəfa Quluzadənin fikrincə, bu cür mövqedən çıxış etmə ya sadəlöhvlükdür, ya da bilərəkdən Rusiyanın maraqlarına xidmət etməkdir: «Məsələ açıq və aydındır. İyirmi ildir ki, Rusiya Qarabağ probleminin həllini əngələyir. Rusiya Qarabağ problemini həll etməyəcək. Rusiya rəhbərliyi ermənilərə deyir ki, biz bütün işğal olunan torpaqları sizə verəcəyik. Hətta güclənəndən sonra Bakını da sizə verəcəyik. Rusiyanın mövqeyi bax budur. Azərbaycanda da təəssüf ki, bu mövqeyi dəstəkləyənlər var. Rusiya heç zaman Qarabağı Azərbaycana qaytarmayacaq. Ona görə Rusiya ilə hər cür danışığa hazır olmaq lazımdır».
Xəyal