Elxan Şahinoğlu: «Rusiya hər hansı bir dövlətə təzyiq etsə, bilməlidir ki, qarşısınıda artıq bir hərbi ittifaq dayanacaq»
Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin Tbilisidə baş tutan görüşü bir sıra maraqlı bəyanatlarla yadda qaldı. Dövlət başçıları Azərbaycan-Gürcüstan-Türkiyə ittifaqının bölgədə sabitliyin qorunub saxlanmasına zəmanət verdiyini deyib.
Qeyd edək ki, sammitdə Ukraynanın ərazi bütövlüyü dəstəklənib.
Görüş və orada səslənən bəyanatların Rusiyanın narazılığına səbəb olacağı şübhəsizdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, həm Gürcüstan, həm də Azərbaycan hər an rusiya təhlükəsini öz üzərində hiss edir. Belə olan halda daha güclü Türkiyə qonşularını Rusiyanın təzyiqindən qoruya biləcəkmi?
«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ilk növbədə sammitin böyük önəm daşıdığını qeyd etdi. Uzun illərdir bir araya gəlməyən dövlət başçılarının görüşün vacibliyinin bir neçə səbəbi var. Birinci səbəb enerji əməkdaşlığıdır. Bu məsələdə artıq birinci mərhələ başa çatıb və Bakı-Tblisi-Ərzurum kəməri işə düşüb. Eyni zamanda TAP və TANAP layihələri bu üç dövləti birləşdirir. Rusiya isə bu layihələrin əleyhinədir. Deməli bu üç dövlət bu əngəli də aşmalıdır.
Ekspert digər tərəfdən Ermənistan amilini qeyd edir. Çünki Ermənistan ətrafında iqtisadi mühasirə daha da güclənib. Ermənistan anlamalıdır ki, onun bu layihələrdə yeri yoxdur. Azərbaycan və Türkiyə üçün Ermənistanı iqtisadi baxımdan sıxışdırmaq lazımdır. görüşün ən əhəmiyyətli hissəsi isə təhlükəsizlik məsələləri ilə bağlıdır: «Rusiya Ukraynanı parçalamağa çalışır, Krımı artıq işğal edib. Eyni zamanda bütün qonşu dövlətlərə təhlükə mənbəyinə çevrilib. Ona görə belə bir məqamda Gürcüstan, Türkiyə və Azərbaycan hərbi təhlükəsizlik əməkdaşlığının perspektivi artır. Türkiyənin Rusiya ilə geniş iqtisadi və enerji əlaqələri var. Amma Krımın işğalı Türkiyəni də narahat etdi. Digər tərəfdən Krım tatarlarının sıxışdırılması da Türkiyənin böyük qəzəbinə tuş gəldi. Azərbaycanın özü də Rusiyanın bu siyasətindən narahatdır. Çünki artıq Rusiya pasportları xarici ölkə vətəndaşlarına paylanacaq. Azərbaycan vətəndaşlarına da bu pasportları paylaya bilərlər. Onlardan daha sonra Azərbaycan əleyhinə istifadə etmək mümkündür. Yaxud Rusiya etnik azlıqların bir hissəsini radikallaşdırar. Rusiyanın bəzi dairələri gizli fəaliyyətə baş vura bilər. Cəbhə bölgəsində atəşkəsi pozub Azərbaycana təzyiqi artıra bilərlər. Bütün bu məsələlər Azərbaycanı da, Gürcüstanı da narahat edir. Ona görə bu üç dövlət başçısı bu məsələlər ətrafında fikir mübadiləsi aparıb».
Ekspert üç ölkə arasında hərbi ittifaqı genişləndirmək imkanlarının müzakirəsini də vacib hesab edir. Çünki Rusiya hər hansı bir dövlətə təzyiq etsə, bilməlidir ki, qarşısınıda artıq bir hərbi ittifaq dayanacaq. Bu hərbi ittifaq Azərbaycan, Gürcüstan və Türkiyədən ibarət olmalıdır.
Fizzə