Geriyə qayıdan 37-nin oxşar cəhətləri
İkicə ildə 20 il qocalan İlham Əliyev
Gözlənildiyi kimi, Nidaçılara ağır cəzalar verildi. Bu, gözlənilməz deyildi. İnsanlar hansı ittihamlarla həbs edilirlərsə, aşağı-yuxarı, həmin maddələrlə də mühakimə olunur və buna uyğun cəzalarla cəzalandırılaraq həbsxanalara göndərilirlər. Azərbaycan şəraitində başqa yanaşma yoxdur. Ona görə ki, məhkəmə istintaqı, demək olar ki, yoxdur. İstintaq vətəndaşı həbs edən və ilkin istintaqı aparan dövlət orqanlarında həyata keçirilir. Bu, yalnız siyasi motivlərlə həbs edilənlərə aid deyil. Bütün motivlərlə həbs edilənlər məhkəmə qarşısına bu qaydada çıxarılır. Faktiki olaraq, məhkəmələr ilkin istintaq orqanlarının əlavəsi rolunda çıxış edirlər.
Nidaçıların həbsindən sonra indi məhkəmə prosesi davam edən və ya əsasən başa çatan Anar Məmmədli və Pərviz Həşimli haqqında da proqnozlar vermək olar. Yüngülləşdirici hallar isə yalnız Gülər Əhmədova tipli məhbuslar üçün nəzərə alınır. Yerdə qalan bütün hallar üçün məhkəmə repressiya alətləri sırasında fəaliyyət göstərən bir mərhələdir.
Xalq düşmənləri və qolçomaqlar
Azərbaycanda isə repressiya tüğyan edir. Ölkə həbsxanaları siyasi dustaqlarla, girov götürülmüş və azadlığı naminə səssiz-səmirsiz sövdələşmə aparan iş adamları ilə doludur. Stalinizm terminləri ilə desək, həbsxanalar «Xalq düşmənləri» və «qolçomaq»larla doldurulub. «Xalq düşmənlərinə» rəhm yoxdur. Onlar istintaqın müəyyən etdiyi maddələrlə cəzalandırılırlar. «Qolçomaqlar» isə Stalinizm dövründən fərqli aqibət ala bilirlər. Onlar rüşvət müqabilində azadlığa çıxa bilirlər və əksər hallarda. onları elə buna görə də həbs edirlər (girov götürürlər).
Ümumiyyətlə isə repressiyaların mahiyyətinə görə Əliyevlər dövrünün Azərbaycanı ilə Stalin dövrünün SSRİ-si arasında maraqlı paralellər aparmaq olar.
Repressiyalar nə üçündür?
Bəri başdan qeyd edək ki, repressiyalar qanundan kənar, qeyri-hüquqi və qeyri-siyasi rejimlərə xasdır. Totalitar rejimlər qapalı cəmiyyət yaratmaq üçün qanunsuz metodlardan istifadə edirlər və bu qanunsuz metodlar repressiya adlanır. Repressiyalar müstəsna olaraq hakimiyyətdə olan siyasi (və ya qeyri-siyasi) rejimin mənafeləri nəzərə alınaraq tətbiq edilir.
Stalin zamanı bu repressiyalar Kommunist elitasının mənafeyinə uyğun tətbiq edilirdi, Əliyev zamanında isə oliqarxiyanın maraqları naminə tətbiq edilməkdədir. Ümumiyyətlə isə bütün zamanlarda repressiyalar tətbiq edildiyi ölkələrdə sosial psixologiyanın deformasiyasına səbəb olur, əhalinin ya birbaşa, ya da dolayısı ilə aradan götürülməsi ilə demoqrafik fəlakət yaranır, cəmiyyətdə mənəvi və ya fiziki genosid törədilir.
Əgər 20-ci əsrdə tətbiq edilən repressiyalar üçün əhalinin bütöv təbəqələrinin fiziki məhvi nəzərdə tutulurdusa, 21-ci əsrdə repressiyalar insanları həbslərlə bezdirmə və ölkədən qovma effektinə hesablanır.
Stalinizmlə müqayisəli təhlil
Repressiyaların konkret və dəqiqləşdirilmiş ünvanı olmur, onun sərhədləri hər zaman açıq olur. Məsələn, Stalin zamanında yalnız qeyri kommunistlər repressiyaya məruz qalmırdılar. Kommunist Partiyasının sıralarında da repressiyaya məruz qalan yüzminlərlə insan var idi. Əliyevlər dövründə də belədir. Yalnız müxalifətçilər repressiya olunmurlar. Hətta hakim partiyanın sıralarından olan və ya heç bir partiyaya mənsub olmayan vətəndaşlar da repressiya maçınından salamat qurtara bilmirlər. Məsələ burasındadır ki, repressiya qeyri-hüquqi davranışdır. Hüququn işləmədiyi və bir kənara atıldığı məqamlarda isə dövlət aparatının davranışlarında terror elementləri meydana çıxır. Stalin dönəminin qırmızı terrorunu indiki inzibati terrorla aşkar müqayisə edə bilərsiniz. Yeri gəlmişkən, inzibati terror 21-ci əsrdə o qədər şiddətlənib ki, 2 il bundan öncə ABŞ prezidenti Barak Obama avtoritar liderlərin yürütdüyü bu siyasətə qarşı sərt fikirlər səsləndirmişdi. Stalin repressiyaları ilə müqayisə olunacaq başqa, çox maraqlı bir detalı da diqqətə almamaq mümkün deyil. Maraqlıdır ki, Stalin repressiyaları ölkənin modernləşdirilməsi (sənayeləşdirmə, elektrikləşdirmə) şüarları ilə paralel aparılırdı. İlham Əliyev dövründə ölkənin modernləşdirilməsi şüarları bütün ictimaiyyətin qulaqlarını dəng edən təbliğat tezislərindən biridir. Bir mühüm fərqlə. Stalin dövründə modernləşdirmə olduqca baha qiymətə, milyonlarla insanın ağır qul əməyi hesabına olsa da, həqiqətən aparılırdı. Əliyev dövründə isə bu təbliğat da kommersiya xarakteri daşıyır. Daha doğrusu, korrupsiya xarakteri. Neft milyardlarını xərcləmək üçün ölkənin fasad görüntüləri dəyişdirilir və bunu modernləşdirmə adlandırırlar. Bir neçə il əvvəl isə ümumiyyətlə Avropanın geridə qalmış texnologiyalarını idxal edərək modul elektrik stansiyalarının quraşdırılmasını da buraya əlavə edə bilərsiniz.
Tarixçilər yaxşı bilirlər ki, ötən əsrin 37-ci illərində Stalinizm mənəvi-ideoloji baxımdan böhran həddində idi və repressiyalar da buna görə geniş vüsət aldı. Kommunist Partiyasının sıralarında və cəmiyyətin geniş təbəqələrində sosializmdən, eləcə də mövcud idarəetmədən məyusluq böyük narazılıq ocaqları yaratmaqda idi. Məhz bu ocaqların alovlanmasının qarşısını almaq üçün Stalinizm iri çaplı repressiyalara start verdi. İndi İlham Əliyevin hakimiyyəti dövrünə baxın. «Gənc və islahatçı» adı ilə bəlli çevrələrin hakimiyyətə gətirdiyi İlham Əliyev qısa müddətdə qoca və mühafizəkar monarxa çevrilib feodal təfəkkürü ilə idarəetmə rıçaqlarını əlinə aldı və sosial məyusluğun əsasını qoydu. Ənənəvi müxalifətdən əlavə gənclik hərəkatları meydana çıxdı. Hətta müəyyən mənada inzibati elitanın daxilində də tərəddüdlər müşahidə olunmağa başladı və İlham Əliyev geniş çaplı repressiyalara start verdi. Bu, əslində Heydərizmin iflası idi və bu böhranı ört-basdır etmək üçün Heydərizmin əsl mahiyyətini, repressiyaları qabartmaqdan başqa çarə qalmırdı.
İctimai idbarlaşdırma siyasəti
Repressiyalar Stalin zamanında olduğu kimi, cəmiyyətin davranışında dəhşətli izlər buraxmaqdadır. İndi 30-cu illərdəki ziyalı elitasının davranışlarına o zamanın prizmasından yanaşmağı təklif edənlər vardır. Müəyyən mənada bu adamlar haqlıdırlar. Stalin repressiyaları insanları daxilən eybəcərləşdirmiş və bu eybəcərlik cəmiyyətin görüntüsünü idbarlaşdırmışdı. İctimai liderlər, cəmiyyətin vitrinində olan adamlar üzə durmaqla, danos yazmaqla, satqınlıq etməklə öz həyatlarını xilas etməyə çalışırdılar. İndikindən çoxmu fərqli idi? İndi də repressiyalar cəmiyyətdə laqeydliyi, yaltaqlığı, ikiüzlülüyü səpməklə milli xarakteri murdarlamırmı? Ölkədə baş verənlərə laqeydlik, öz övladlarının gələcəyi qarşısında məsuliyyətsizlik millətin davranışını və mənəvi simasını korlayıb. 20 illik ağır təqiblərdən sonra qətiyyətlə söyləmək olar ki, bu, Azərbaycan xalqı deyil. Bu xalqın öz sabahı naminə məsuliyyət hissini yenidən qazanması üçün repressiyanın məhv edə bilmədiyi insanlar mübarizə aparmalıdırlar. Nidaçılar bunu edirdilər. Onlar 7 il olmayacaqlar. Amma bu 7 ildə həbs edilən 8 gəncin yerini ən azı 800 nəfər tutmalıdır. Baxmayaraq ki, repressiv rejimlər daha çox gəncliyə qarşı aqressiv olurlar. Eləcə də həbsə atılan hər bir nəfərin yerini 100 nəfər tutmasa, Stalinzmi cəmiyyətdən təcrid etmək mümkün olmayacaq. Mən optimistəm!
Qənimət Zahid