Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov sabiq millət vəkili Gülər Əhmədovanın azadlığa buraxılmasına münasibət bildirib. Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, hadisəyə hüquqi qiymət verilib və hüquq öz işini görüb: “Indi sırf insani münasibətlər ifadə olunur”.
Ə.Əhmədov Gülər Əhmədovanın yenidən bəraət alması ilə bağlı məhkəməyə şikayət edəcəyinə də münasibət bildirib: “Istənilən vətəndaşın məhkəmə çəkişməsi aparmaq haqqı var. Məhkəmə tərəfindən bu və ya digər hökmlərə tuş gəlmiş insanlar belə hüquqlara sahibdirlər. Haqlı olduğunu sübut edə biləcəksə, müvafiq qərar qəbul edilə bilər. Bir daha demək istərdim ki, törədilən əmələ hüquqi qiymət verilib”.
YAP-ın sədr müavini Gülər Əhmədovanın yenidən məmur postu tutması və ya partiya sıralarına bərpa oluna bilməsi ilə də bağlı sualı belə cavablandırıb: “Gəlin hadisələri qabaqlamayaq. Düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir. Bir insanın YAP-ın üzvlüyündən xaric olunması da, yenidən partiya sıralarına üzv kimi bərpa olunması da hüquqi məsələdən daha çox əxlaq məsələsidir. Biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Gülər Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o düşünür, nə də biz düşünürük”. (APA)