Fuad Qəhrəmanlı: «Dövlətin maraqlarını ifadə edən, strateji uğura yönəlmiş xarici siyasət yoxdur»
“ABŞ, Avropa enerji resurslarımızdan bəhrələnir. Bəs Dağlıq Qarabağ məsələsində niyə ədalətli müdafiə etmirlər? Rusiya ilə də, Iranla da münasibətlərimiz normaldır. Bəs niyə Dağlıq Qarabağ məsələsində bizə real dəstək vermirlər? Deməli, onlara belə lazımdır”.
Bu sözləri Qaçqın və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov “Böyük qələbəyə inamla” sənədli filminin təqdimatında söyləyib.
Əli Həsənov daha sonra bildirib ki, Türkiyədən başqa normal qonşumuz yoxdur: “Hamının gözü bura dikilib, hamı istəyir ki, sərvətlərimizdən bəhrələnsin. Azərbaycanın müstəqilliyini saxlamaq çox çətindir. Yeganə normal qonşumuz Türkiyədir”.
Bu fikirləri sıradan bir vətəndaş deyil, kifayət qədər ciddi postda təmsil olunan məmur söyləyir. Bu məmur etiraf edir ki, Azərbaycanın etibar edə biləcəyi müttəfiqi yoxdur.
Ancaq 20 ildir başda prezident olmaqla, hakimiyyət sözçüləri bildirirlər ki, uğurlu xarici siyasətimiz var.
Bu necə uğurlu siyasətdir ki, yalnız bir ölkə ilə normal münasibətə nail olub?
Deməli, “balanslaşdırılmış siyasət” yalnız qonşularla münasibətlərin korlanmasına xidmət edib. Əslində qonşularla münasibət demokratik, ümumbəşəri dəyərlərə xidmət etməyəndə, yalnız şəxsi mənafelər üzərində qurulanda, nəticə belə olur.
Digər tərəfdən, hakimiyyət nümayəndələrinin açıqlamaları “yalançının yaddaşı olmaz” ifadəsini bir daha təsdiqləyir. Bir məmur dünya ölkələri ilə yüksək səmimi münasibətlərdən danışır, digər məmur isə yalnız bir ölkə ilə normal münasibətimizin olduğunu bildirir.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, hakimiyyətin xarici siyasəti şəxsi maraqlar üzərində qurulub: “Azərbaycan rəsmiləri zaman-zaman xarici siyasətlə bağlı yüksək fikirlər səsləndiriblər. Ancaq müşahidə olunan budur ki, dövlətin maraqlarını ifadə edən, strateji uğura yönəlmiş xarici siyasət yoxdur. Xarici siyasətlə bağlı fikirlər daha çox subyektiv xarakter daşıyır. Ümumiyyətlə, hakimiyyətin xarici siyasəti şəxsi maraqlar üzərində qurulub. Hansı ölkə Ilham Əliyev hakimiyyətinin maraqları çərçivəsində münasibət sərgiləyibsə, bu hakimiyyətin saxlanmasına xidmət edibsə, belə ölkələrlə isti münasibət qurulur. Hansı ölkələr hakimiyyətin siyasətini tənqid edibsə, həmin ölkələrə qarşı şantaj kampaniyası aparılıb. Əli Həsənovun açıqlaması da onu göstərir ki, dövlətin bugünə qədər apardığı xarici siyasət nəticəsində heç bir real müttəfiq qazanmamışıq. Türkiyəyə gəlincə, bu ölkə ilə münasibətlərimiz hakimiyyətin xarici siyasətinə bağlı deyil. Bu münasibətlər etno-mədəni faktorla bağlıdır və Türkiyənin strateji maraqlarına xidmət edir. Ancaq hakimiyyət bu ölkəyə qarşı da müxtəlif dövrlərdə, mənfi münasibət sərgiləyib. Bu münasibətlər viza və PKK məsələsində özünü göstərib. Qarabağ kimi problemi olan ölkə bu gün dünya arenasında tək qalıb”.
Akif