Rövnəq Abdullayev nəzarətində olan qurumun terror təşkilatı adlandırılmasından hiddətlənib
Hakimiyyətyönlü “Olaylar” qəzetində nurçuların təhsil mərkəzi sayılan “Çağ Öyrətim” Işlətmələrinin terror təşkilatı kimi qələmə verilməsi iqtidar düşərgəsində birmənalı qarşılanmayıb. Redaksiyamıza sızan məlumatlara görə, bu ittihamlar xüsusilə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevi hiddətləndirib.
Səbəb isə “Çağ Öyrətim”in artıq ARDNŞ-in nəzarətində fəaliyyət göstərən bir qurum olmasıdır. Qeyd edək ki, “Olaylar” qəzeti hakimiyyətdə daha çox Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova yaxınlığı ilə seçilir.
Əli Həsənov hakimiyyətdəki “nurçu savaşı”nda əsas tərəfdir. Xüsusilə nurçularla əlaqədə adı hallanan Elnur Aslanov və komandası özlərinə qarşı Əli Həsənov tərəfindən kampaniya aparıldığına eyham “vurmuşdu”. Elnur Aslanov, Fərhad Məmmədov, Ceyhun Osmanlı və adı nurçularla əlaqədə hallanan digər şəxslər barədə kompramat tipli yazılar da daha çox şöbə müdirinin nəzarətində olan mediada dərc olunurdu.
Bu baxımdan “Olaylar”dakı son yazı da Əli Həsənovun xidməti kimi dəyərləndirilir.
Məlumatda bildirilir ki, qarşı tərəf buna cavab olaraq müəyyən addımlar atmaq niyyətindədir. Güman ki, yaxın günlərdə biz bunun şahidi olacağıq. Beləliklə, hakimiyyətdəki “nurçu savaşı” yenidən körüklənməyə başlayıb.