“Azərbaycan Vəkillər Kollegiyasının özündə islahatlar aparılmalıdır”
“Müdafiə vəkillərinin, xüsusilə də höküməti tənqid edən jurnalistləri təmsil etmək arzusunda olanların çatışmaması məhkəmə təhqiqatının ədalətli aparılmasında başlıca maneədir”. Bu fikirlər inzibati ofisi Londonda yerləşən Beynəlxalq Vəkillər Kollegiyası Assosiasiyasının İnsan Hüquqları İnstitutunun (IBA HRI) “Azərbaycan: ifadə azadlığı mühakimə edilir” adlı hesabatında yer alır..
Cümə günü Bakıda təqdim olunan 62 səhifəlik hesabatın müəllifləri ötən ilin dekabr ayında Azərbaycana faktaraşdırıcı missiya ilə səfər edib.
Əsas məsələlər
“Səfərdən öncə bizə məlumatlar gəlirdi və beynəlxalq mətbuatı da izləyirdik. Əsasən bizi narahat edən məsələ hüquq müdafiəçiləri, jurnalistlərlə bağlı ədalətli məhkəmənin həyata keçirilməməsi və fikir azadlıqlarının məhdudlaşdırılması ilə bağlı idi”, – deyə hüquqşünas Nadia Hardman təqdimat mərasimində bildirib.
Xanım Hardman deyib ki, faktaraşdırıcı missiya beynəlxalq hüquq müdafiə təşkilatların təcrübələrindən yararlanaraq maraqlı tərəflərlə, o cümlədən Ədliyyə Nazirliyi və digər dövlət qurumlarının nümayəndələri ilə müsahibə aldıqdan sonra hesabat hazırlayıb.
Hesabat müəllifləri hakimiyyəti ifadə azadlığı məsələsi üzrə ədalətli məhkəmə təhqiqatı hüququnu təmin etməyə və jurnalistlərin müdafiəsi üçün beynəlxalq standartlara uyğun etibarlı mexanizmlərin təsis edilməsində fəal addımlar atmağa çağırıb.
Missiyanın məruzəçisi Eric Metcalfe deyib ki, jurnalistlərin diffamasiya ittihamları üzrə məsuliyyəti nəinki ləğv edilməyib, əksinə, onlayn mediaya da aid edilib.
Fikirlər “tamamilə fərqlidir”
“Hesabat müəllifləri olaraq üzləşdiyim çətinlik fikir fərqlilikləri idi. Hökümət və jurnalistlərin fikirləri tamamilə fərqlidir. Biz müxtəlif mənbələrdən istifadə etdik ki, ədalətli, balanslaşdırılmış hesabat hazırlayaq”.
Cənab Metcalfenin sözlərinə görə, ölkədə vəkillərin sayı ilə əhalinin sayı arasında tərs mütənasiblik var və deyib ki, 9 milyona yaxın əhalisi olan ölkədə vəkillərin sayı 834 nəfərdir ki, onların da 500-ü Bakıda çalışır.
“Problemlərdən biri cinayət işləri üzrə inhisarçı müdafiə hüququna malik olan Vəkillər Kollegiyasına daxil olmaq prosedurunun çətinliyidir. Digər bir problem hökuməti tənqid edənləri müdafiə edən vəkillərin inzibati cəzaya məruz qoyulması təcrübəsidir”.
Media hüquqları sahəsində ekspert Mark Stephens çıxışında bildirib ki, modern cəmiyyətdə senzura və ya digər informasiyanın məhdudlaşdırılması yollarının tətbiq edilməsi “mənasızdır”.
İslahatlar
Hesabatda Azərbaycan hökumətinə Vəkillər Kollegiyasının işinin şəffaflığının təmin olunması, Davranış Məcəlləsinin işlənib hazırlanması kimi 16 tövsiyə təklif olunub.
“Məhkəmə-Hüquq Şurasında islahatlar aparmaq, prokurorluq və icra hakimiyyəti nümayəndələrini şuradan çıxarmaq, yeni hakimlər üçün sınaq müddətini ləğv etmək tövsiyə olunur”.
Xanım Hardman deyib ki, hüquq müdafiəçilərinin təqibi ilə bağlı ittihamları Ədliyyə Nazirliyi qəbul etmir.
“Biz onlardan müsahibə apararkən soruşduq ki, bu şəxslər siyasi motivlə həbs olunublar, amma onlar dedilər ki, yox, bu şəxslər cinayət məsuliyyətinə görə həbs olunub. Amma araşdırmalarımız göstərir ki, bu insanlar siyasi motivlərlə həbs olunur. Qaunvericilikdən istifadə edərək onları cinayət məsuliyyətinə cəlb edirlər”.
Sonda hesabat müəllifləri Azərbaycan höküməti ilə təklif olunan tövsiyyələrlə bağlı mənalı dioloqa hazır olduqlarını və bu mümkün olmadığı halda jurnalistlərə texniki yardım göstərmək istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini bildiriblər (BBC Azərbaycanca).